
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 54,219
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,522 milyon ABŞ
dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı
göstərici ilə müqayisədə həcm ifadəsində 1,189 milyon kVt/saat və
ya 2,2%, dəyər ifadəsi ilə isə 115 min ABŞ dolları, yaxud 4,8%
artıb.
Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan Rusiyadan
1,192 milyon ABŞ dolları dəyərində, 30,033 milyon kVt/saat həcmində
elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 40 min ABŞ dolları və ya 3,5% çox, həcm ifadəsində isə
4,496 milyon kVt/saat və ya 13% azdır.
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç
ölkəyə – Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513
milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik
enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon
ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat
və yaxud 2,8 dəfə azalıb.
Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən
ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon
kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ
dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və
ya 28,9% çoxdur.
Elektrik enerjisi sahəsində qarşılıqlı ticarətlə yanaşı,
Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsi də iqtisadi
əlaqələrin əsas göstəricilərindən biri olaraq qalır. Dövlət Gömrük
Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında
Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,728
milyard ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki
göstərici ilə müqayisədə 791,9 milyon ABŞ dolları və ya 31,4%
azdır.
Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 7,01%-i həcmində olub. Bununla da
Rusiya dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı
ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 608,6
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 18,022 milyon ABŞ dolları və ya təqribən 3%
çoxdur.
Dövr ərzində Azərbaycandan Rusiyaya ixrac əməliyyatlarının 596,1
milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Rusiya 10,74
% payla 2-ci yerdə qərarlaşıb. Rusiyaya qeyri-neft məhsullarının
ixracı ötən ilin ilk altı ayındakı göstərici ilə müqayisədə 10,1
milyon ABŞ dolları və ya 1,7% artıb.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,120 milyard ABŞ dolları
dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə təqribən 810 milyon ABŞ dolları və ya 42%
azalma deməkdir.
Qeyd edək ki, Azərbaycan və Rusiya rəsmiləri də iki ölkə
arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı
olduqlarını bildirirlər. Bu ay Moskvada Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra Rusiyanın xarici
işlər naziri Sergey Lavrov tərəflərin ticarət dövriyyəsinin
artırılması, birbaşa investisiyaların genişləndirilməsi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu üzrə
əməkdaşlığı müzakirə etdiklərini bildirib.
“Apreldə hökumətlərarası komissiyanın növbəti iclasının
keçirildiyi faktını nəzərə almaqla, ticari-iqtisadi əməkdaşlığı
müzakirə etdik. Ticarət dövriyyəsinin gələcəkdə daha da
artırılmasına qarşılıqlı marağın mövcud olduğunu qeyd etdik. Ötən
il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb.
Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq
qalır. Ticarət dövriyyəsinin artırılması və birbaşa
investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial
mövcuddur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi
təxminən 11 milyard dollar təşkil edir. Respublikada Rusiya
kapitallı 1400-dən çox kommersiya qurumu fəaliyyət göstərir”, –
deyə o bildirib.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
hökumətlərarası komissiyanın müntəzəm fəaliyyətini iqtisadi
əməkdaşlığın əsas mexanizmlərindən biri kimi qiymətləndirərək,
qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan-Rusiya iqtisadi
əlaqələrində ümumi dinamikanın müsbət olaraq qaldığını
vurğulayıb.
“Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da
ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm
elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında
hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın
24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab
edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün
çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu
gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də
yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha
ətraflı dayanacağıq”, – deyə o bildirib.

