
Bakı. Trend:
Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi
nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara,
inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə
söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin
II Forumunda çıxışı zamanı deyib.
“Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi
müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər
ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək
cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist
dünyagörüşünün əyani təzahürüdür”, – deyə o bildirib.
R.Məmmədov vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərə
ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən
fundamental prioritetlərindən biridir:
“Birmənalı şəkildə deyə bilərik ki, müasir Azərbaycanda
dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə
söykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyevin adı
ilə bağlıdır.
Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dönəmlərində böyük
siyasi uzaqgörənliklə müəyyənləşdirmişdi ki, müstəqilliyini bərpa
etmiş bir xalqın birliyini təmin edən ən mühüm faktor məhz
milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır.
Bu yanaşma konyuktur xarakterli deyil, hüquqi əsaslara söykənən,
ardıcıl və prinsipal xarakter daşıyır.
Din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilə
təmin olunmuş real bir dəyər kimi təqdim olunur. Bu o deməkdir ki,
din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət
dinə qarşı laqeyd mövqe tutmur və bütün konfessiyalar bərabər
hüquqlara, imkanlara malikdirlər. Bu prinsip dövlətimizin vicdan
azadlığına verdiyi ali dəyərin və hüquqi ehtiramın bariz
nümunəsidir”.

