
Bakı. Trend:
“Azərişıq” çərçivəsində təsərrüfat subyektləri səviyyəsində
kommunal xidmətlərin Vahid İnformasiya Sistemi qurulmaqdadır. Bu
sistem ilkin layihəsi artıq hazırdır. Hədəf modelinin 2029-cu ildə
tam istifadəyə verilməsi planlaşdırılır.
Trend xəbər
verir ki, bunu bu gün energetika nazirinin müavini Elnur Soltanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin
rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini xatırladıb ki, Vahid Elektrik Doldurma Xidməti
Platforması da artıq yaradılıb və fəaliyyət göstərir:
“Hazırda 143 obyekt Skada sistemi ilə rəqəmsal şəbəkəyə qoşulub.
Bunlara 34-cü və 36-cı kiçik su elektrik stansiyaları, günəş
elektrik stansiyası, eləcə də 110, 220, 330 və 500 kilovoltluq
yarımstansiyalar daxildir.
Bundan əlavə, 40-a yaxın sistemdə mikro-Skada yaradılıb və ana
sistemə makro-Skada vasitəsilə inteqrasiya olunub. Nəticədə, son 5
il ərzində fiberoptik kabel məsafəsi 850 km-dən 5000 km-ə qədər
artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su
elektrik stansiyaları artıq tamamilə Skada sisteminə qoşulub və
yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət
davam edir”.

