
Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xaricə qaz
ixracı 12,7 milyard kubmetr təşkil edib.
Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 0,6 milyard kubmetr və ya 5% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə qaz ixracının 5,9 milyard
kubmetri (0,2 milyard kubmetr və ya 3,3% az) Avropanın, 4,9 milyard
kubmetri (ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb)
Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard
kubmetri (0,1 milyard kubmetr və ya 9,1% çox) Gürcüstanın, 0,7
milyard kubmetri isə Suriyayanın payına düşüb.
Bir müddət əvvələl Avropa İttifaqının Enerji və Mənzil
Məsələləri üzrə Komissarı Dan Yorgensen Trend-ə özəl müsahibəsində
bildirib ki, hazırda Azərbaycan qazı ixracının təxminən yarısı
Avropa bazarının payına düşür.
“Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilk
genişləndirilməsi həyata keçirildi – illik əlavə 1,2 milyard
kubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaz
tədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz:
Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycan
iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib.
Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərinin
başlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan və
Bolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu,
real və hiss olunan artımdır”, – deyə o bildirib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakı Enerji
Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji
gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar
sessiyasında deyib ki
“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii
qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru
kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri
sırasına çıxarır”, – deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa
İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.
“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya
16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana
3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac
edib”, – deyə o əlavə edib.

