
Bakı. Trend:
Ölkəmiz regiondakı iqtisadi-siyasi proseslərin əsas
iştirakçısıdır.
Trend
xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev “Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il
keçir” adlı məqaləsində qeyd edib.
O qeyd edib ki, məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə
uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr ümumilikdə
regionun təhlükəsizliyinə, iqtisadi inkişafına öz mühüm töhfəsini
verir:
“Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi
ardıcıl və uzaqgörən siyasət nəticəsində beynəlxalq aləmdə nüfuzu
daha da artan ölkəmizlə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf
etdirmək istəyində olan ölkələrin sayı da getdikcə artır.
Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərin, qlobal
forumların, konfransların keçirildiyi unikal məkana çevrilib.
Ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi baxımından bir
nümunə olduğunu deyə bilərik. Bu cür beynəlxalq əhəmiyyətli
tədbirlərdən biri bu il sentyabrın 28-dən oktyabrın 8-dək
Azərbaycanda keçirilən III MDB Oyunları oldu. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə MDB
Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında
çıxışında qeyd etmişdir ki, bu qəbildən tədbirlər MDB məkanında və
onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir,
bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə
əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Əminliklə demək olar ki, son beş ildə Azərbaycan öz inkişafının
tamamilə yeni mərhələsinə daxil olmuşdur. Tarixi Zəfər qazanmaqla
ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətimiz
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında gündən-günə daha da güclənərək özünün qüdrətli
dövrünü yaşayır.
Dünya nizamının özünün çətin dövrünü yaşadığı, beynəlxalq
müstəvidə mürəkkəb proseslərin baş verdiyi zamanda, Azərbaycan
əlaqələrini davamlı şəkildə şaxələndirir, dünya ölkələri sırasında
tərəfdaşlarının sayını artırır. Ölkəmiz beynəlxalq miqyasda siyasi
dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı
və eyni zamanda təşəbbüskarıdır.
Bütövlükdə 2025-ci ilin bir sıra mühüm siyasi hadisələri bir
daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev dövlətçilik prinsiplərinə sadiq lider olmaqla, milli
maraqlara əsaslanaraq həyata keçirdiyi xarici siyasət, diplomatiya
və strateji baxışlar sayəsində Azərbaycan beynəlxalq aləmdə
etibarlı tərəfdaşa çevrilib”.

