
Bakı. Trend:
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma
tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər
25,0 mln. manat məbləğində nəzərdə tutulur.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə
iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci
il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bu vəsaitin 20,5 mln. manatı (ümumi proqnozlaşdırılan məbləğin
82 faizi) sanatoriya-kurort müalicəsi və istirahət üçün
yollayışların alınmasına, 0,2 mln. manatı sığortaolunanların
uşaqlarına sağlamlıq düşərgələrinə, istirahətin təşkilinə, 2,6 mln.
manatı AHİK-in idman cəmiyyətlərinə məxsus qurğuların qismən
saxlanılmasına (işçilərin əməkhaqlarının ödənilməsi), 1,7 mln.
manatı isə Həmkarlar İttifaqlarının əməyin mühafizəsi və hüquq
mütəxəssislərinin, etimadlı həkimlərin sağlamlaşdırma işi ilə
məşğul olan təlimatçıların saxlanılması istiqamətləri üçün nəzərdə
tutulub.

