
Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni publik hüquqi şəxs yaradılır.
Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Bununla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılacaq.
Yeni Agentlik Naxçıvanda icbari tibbi sığortanın tətbiqini, xidmətlər zərfi üzrə tibbi xidmətlərin maliyyələşdirilməsini, icbari tibbi sığorta fondunun idarə olunmasını, tibbi xidmətlərin mərkəzləşdirilmiş qaydada satın alınmasını və ödənişlərin həyata keçirilməsini təmin edəcək. Qurum eyni zamanda əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahəsində də fəaliyyət göstərəcək.
Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin olunmasına dair hüquq və öhdəlikləri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə verilir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı səlahiyyətləri və tabeliyindəki reabilitasiya müəssisələri isə bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçirilir.
Yeni yaradılacaq Agentliyin fəaliyyətinə rəhbərlik etmək üçün sədr və iki müavindən ibarət İdarə Heyəti formalaşdırılacaq. Qurumun fəaliyyəti Naxçıvan Muxtar Respublikası büdcəsi, icbari tibbi sığorta fondunun vəsaiti və digər mənbələr hesabına maliyyələşdiriləcək.
Qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni qurumun dövlət qeydiyyatı, əmlakın təhvil-təslimi, normativ sənədlərin hazırlanması və digər təşkilati məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.
Qərar Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev tərəfindən imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

