Beş ayda İran Azərbaycandan 3,1 milyon dollarlıq təbii qaz idxal edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam
Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon
kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilir.

Bundan başqa, hesabat dövründə Azərbaycan İrandan 12,476 milyon
ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz
halında) idxal edib.

Ötən ilin eyni dövründə iki ölkə arasında təbii qaz (qaz
halında) idxal və ixracı qeydə alınmayıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8
ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8%
az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları
dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal
edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya
və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon
kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz
idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6
milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon
kubmetr və yaxud 5,2% azalıb.

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq son illərdə
ticarət, nəqliyyat, enerji, tranzit və logistika istiqamətlərində
ardıcıl şəkildə genişlənir. İki ölkə Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı dərinləşdirir, eyni
zamanda energetika sahəsində elektrik və təbii qaz mübadiləsi üzrə
birgə layihələr həyata keçirilir.

Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması,
sərhədyanı iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye
əməkdaşlığı və investisiya layihələrinin təşviqi istiqamətində də
əməkdaşlığı davam etdirirlər. Enerji sektoru isə iki ölkə arasında
iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olaraq
qalır.




Enerji sahəsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın
əsas istiqamətlərindən biri olaraq qalır. Tərəflər qaz ticarəti,
svop əməliyyatları və regional enerji layihələri üzrə əməkdaşlığın
genişləndirilməsi istiqamətində dialoqu davam etdirirlər.

İran tərəfi də bu əməkdaşlığın inkişafında maraqlı olduğunu
bəyan edir.

İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı
direktoru Səid Təvəkkoli Trend-ə eksklüziv müsahibəsində bildirib
ki, Tehran Azərbaycanla qaz mübadiləsi və svop əməliyyatlarının
genişləndirilməsinə hazırdır.

“İranın qaz infrastrukturu qaz svopu və mübadiləsi üzrə
əməkdaşlıq üçün bütün imkanlara malikdir. Bu istiqamətdə
müzakirələr aparılır və ümid edirik ki, onlar yaxın gələcəkdə
praktik addımlarla nəticələnəcək”, – deyə o bildirib.

Təvəkkolinin sözlərinə görə, İranın Milli Qaz Şirkəti ilə SOCAR
arasında uzunmüddətli qaz müqaviləsinin müddəti yenidən uzadılıb və
mövcud əməkdaşlıq uğurla davam edir.

“Azərbaycanın digər qonşu ölkələrlə İran üzərindən qaz svopu və
mübadiləsi üzrə razılaşmaları olacağı təqdirdə, İran bu əməkdaşlığa
tam hazırdır”, – deyə nazir müavini Trend-ə bildirib.

O qeyd edib ki, İranın 2029-cu ilədək iqtisadi inkişaf
proqramında qonşu ölkələr və MDB məkanı ilə qaz ticarətinin,
tranzit və svop əməliyyatlarının genişləndirilməsi prioritet
istiqamətlərdən biri kimi müəyyən edilib. Bu baxımdan Tehran
Türkmənistan və digər qonşu ölkələrin qazının İran üzərindən üçüncü
bazarlara nəqlinə də açıqdır.