Qeyri-tibbi plastik əməliyyat görüntüləri ilə bağlı rəsmi açıqlama

Baş səhifə

Bakı.Trend:

Sosial şəbəkələrdə estetik əməliyyat zamanı pasiyentin
vəziyyətinin pisləşməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, videoda
əks olunan hadisə köhnədir və lisenziyasız fəaliyyət göstərən “UĞUR
Estetik Mərkəzi 777”də baş verib.

Qurumdan qeyd edilib ki, sosial mediada yayılan məlumatlardan da
bəlli olur ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci
ilin fevral ayında “UĞUR Estetik Mərkəzi 777” adı altında
qeyri-qanuni fəaliyyət göstərən mərkəzdə baş tutub.

Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə
küçəsi 176 ünvanında yerləşən və “UĞUR Estetik Mərkəzi 777” adı
altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə
əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş
şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir
neçə dəfə plandankənar yoxlamalar keçirilib.

Sonuncu dəfə daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul
2025-ci il tarixində növbəti plandankənar yoxlama aparılıb və
obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən
edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci
maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək
aidiyyəti üzrə növbəti icraata göndərilib.

“O ki qaldı Gülbədə Abdullayevaya, aparılmış araşdırmalar
nəticəsində müəyyən edilib ki, onun ali və ya orta tibb təhsili
yoxdur və uyğun olaraq da “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə
tibb işçisi kimi qeydiyyatda deyil.”




Bildirilib ki, vətəndaş müraciəti əsasında cari ilin may ayında
fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızı, eləcə də onunla
əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi
tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb,
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta
haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata
göndərilib.

Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən fərdi
sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının qanunsuz özəl tibb
fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları
qarşısında müvafiq vəsatətin qaldırılması üçün təqdimat
hazırlanaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ
ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyi
tərəfindən prokurorluq orqanlarına müraciət edilib.

Analitik Ekspertiza Mərkəzi vurğulayıb ki, qanunvericiliyə uyğun
olaraq özəl tibb fəaliyyəti sahəsində dövlət nəzarəti həyata
keçirilir, aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati
tədbirlər görülür və qanunsuz fəaliyyətin dayandırılması məqsədilə
əlavə tədbirlər həyata keçirilir.

Qurum həmçinin qeyd edib ki, vətəndaşların maarifləndirilməsi və
onların qanunsuz tibbi xidmət göstərən şəxslərin qurbanına
çevrilməsinin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin
rəsmi saytında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə
sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının
ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb
fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı”
yerləşdirilib.

Bundan əlavə, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet
saytı və sosial media hesablarında plastik cərrahiyyə
əməliyyatlarından əvvəl diqqət edilməli vacib məqamlarla bağlı
maarifləndirici videoçarx da yayımlanıb.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara bir daha tövsiyə edib
ki, hər hansı cərrahi və ya invaziv tibbi müdaxilədən əvvəl xidmət
göstərən şəxsin tibb işçisi kimi qeydiyyatda olmasını, ixtisasını
və tibbi müəssisənin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini
mütləq dəqiqləşdirsinlər. Qurumun bildirdiyinə görə, bu,
sağlamlığın və həyatın qorunması baxımından mühüm əhəmiyyət kəsb
edir.