
Bakı. Trend:
Ölkənin aparıcı əczaçılıq və distribütor şirkətlərindən olan “Avromed Company” MMC korporativ sosial məsuliyyət strategiyası
çərçivəsində növbəti xeyriyyə layihəsinə dəstək verib. Şirkət “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkil
etdiyi 5-ci “YAŞAT” düşərgəsinin rəsmi dəstəkçilərindən biri
olub.
Lənkəranda keçirilən düşərgədə 10–13 yaşlı 54 şəhid övladı
iştirak edib. Proqram maarifləndirici təlimlər, idman fəaliyyətləri
və əyləncəli tədbirlərlə yadda qalıb.
“Avromed Company” üçün şəhidlərimizin əmanəti olan uşaqların
sağlamlığı, psixoloji rifahı və gələcək inkişafı hər zaman əsas
prioritetlərdən biridir. Düşərgə çərçivəsində təşkil olunan peşəkar
psixoloji qrup terapiyaları, “Süni İntellekt Savadlılığı”
təlimləri, beynəlxalq dərəcəli mütəxəssislərin cüdo üzrə ustad
dərsləri və fiziki aktivliyi təşviq edən səyyar idman proqramları
uşaqların sosial inteqrasiyasına və komanda ruhunun formalaşmasına
töhfə verib.
Layihə çərçivəsində “Avromed Company” uşaqlar üçün xüsusi
hədiyyələr də hazırlayıb. Şəhid övladlarına təqdim olunan fərdi
hədiyyələr düşərgə proqramına əlavə rəng qatıb. Bu təşəbbüs
iştirakçıların motivasiyasını artırıb və düşərgənin onlar üçün daha
yaddaqalan olmasına töhfə verib.
Sosial məsuliyyət prinsiplərinə sadiq qalan “Avromed Company”
MMC uşaqların fiziki və mənəvi inkişafını dəstəkləyən layihələrə
bundan sonra da töhfə verməyi davam etdirəcək. Şirkət ölkəmizin
ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə
və övladlarına yönəlmiş humanist təşəbbüslərdə iştirakını gələcəkdə
də davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company”
MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən
aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan
çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə
üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq
məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və
keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.

