Azərbaycan UNESCO Dünya İrs Komitəsində mədəni irsin qorunması üzrə öhdəliklərini bir daha təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin Cənubi Koreyanın
Busan şəhərində keçirilən 48-ci sessiyasında mədəni və təbii irsin
qorunmasına sadiqliyini bir daha bəyan edib.

Bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin “X”
sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Azərbaycan Dünya İrs Komitəsinin 48-ci sessiyasında UNESCO
yanında Daimi Nümayəndəlik, Azərbaycanın UNESCO üzrə Milli
Komissiyası, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin
nümayəndələrindən ibarət heyətlə təmsil olunur.

Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycanın UNESCO yanında
daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli
bəyanatını təqdim edib.

Daimi nümayəndə UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci
sessiyasında ölkəmizin mədəni irsin qorunması sahəsində həyata
keçirdiyi tədbirlər barədə məlumat verib.

Bəyanatda bildirilib ki, yaxın zamanda qəbul edilmiş “Azərbaycan
Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin idarə olunması
sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi,
onların hüquqi müdafiəsinin gücləndirilməsi və tarixi abidələrin
bərpası istiqamətində uzunmüddətli strateji çərçivə yaradır.

Çıxışda həmçinin mina təhlükəsinin davam etdiyi ərazilərdə
mövcud çətinliklərə baxmayaraq, mədəni irs obyektlərinin
inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam
etdirildiyi qeyd olunub.




Azərbaycanın daimi nümayəndəsi vurğulayıb ki, mədəni irsin
qorunması istiqamətində görülən işlərin nəticələrindən biri kimi
“Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans
marşrutu” Dünya İrsi ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi
2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm
Kəndləri” siyahısına daxil edilib. Bu tanınma mədəni irsin
qorunması ilə yerli icmaların və davamlı turizmin inkişafı
arasındakı əlaqəni nümayiş etdirir.

Bəyanatda 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”
elan edildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Bakıda
keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunan SECURE
(Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsü
mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə
mühüm töhfə verə bilər.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 48-ci sessiyası
çərçivəsində iyulun 23-də SECURE təşəbbüsünə həsr olunmuş xüsusi
tədbir keçiriləcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev
ölkənin Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə
sadiq olduğunu bildirib. O, Azərbaycanın Dünya İrsi üzrə Afrika
Strategiyasının və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS)
üzrə Dünya İrs Strategiyasının həyata keçirilməsinə dəstək
verəcəyini açıqlayıb.

Çıxışda həmçinin Azərbaycanın hazırladığı “Azərbaycan–SIDS Dünya
İrsi Potensialının Gücləndirilməsi Proqramı” barədə məlumat təqdim
olunub. Bildirilib ki, proqramın məqsədi kiçik ada dövlətlərində
dünya irsi sistemlərinin institusional imkanlarını artırmaq,
ekspert hazırlığını dəstəkləmək və gələcək nominasiya proseslərinə
yardım göstərməkdir.

Çıxışının sonunda Elman Abdullayev Azərbaycanın Dünya İrs
Komitəsinin üzvü kimi bütün tərəfdaş dövlətlər, UNESCO-nun Dünya
İrs Mərkəzi və məsləhətçi qurumlarla sıx əməkdaşlıq etməyə hazır
olduğunu bildirib. O, Azərbaycanın Konvensiyanın məqsədlərinin
həyata keçirilməsinə və daha balanslı, inklüziv və səmərəli dünya
irsi sisteminin inkişafına töhfə vermək niyyətində olduğunu
vurğulayıb.