“Qanvermə mifləri və reallıqlar: Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib açıqlamalar

Baş səhifə

Bakı. Trend:

Qanvermə və hemotransfuziya müasir tibbin ən vacib
istiqamətlərindən biridir. Hər gün minlərlə insanın həyatını xilas
edən bu proseslər həm yüksək peşəkarlıq, həm də düzgün təşkil
olunmuş sistem tələb edir. Qan komponentlərinin düzgün seçilməsi,
donorluğun təhlükəsiz təşkili və cəmiyyətdə doğru
məlumatlandırmanın aparılması bu sahənin əsas sütunlarını təşkil
edir.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının
anestezioloq-reanimatoloqu Gülarə Bədəlova mövzu ilə bağlı sualları
cavablandırıb.

– Qan komponentlərinin düzgün seçilməsi və istifadə
olunması həyat qurtarmaqda necə rol oynayır?

– Qan komponentlərinə eritrosit kütləsi, trombosit, leykosit və
plazma aiddir. Ən çox istifadə olunan komponent eritrosit
kütləsidir. Bu komponent hemoqlobinin kritik azalması, massiv qan
itkisi, kəskin və xroniki anemiyalarda istifadə olunur. Eritrosit
transfuziyası toxumalara oksigen daşınmasını bərpa etmək məqsədi
daşıyır.
Trombosit konsentratı aktiv qanaxma və yüksək qanama riski olan
xəstələrdə, trombositopeniyalarda tətbiq olunur. Onkohemotoloji
xəstələrdə və kimyaterapiyadan sonra trombosit transfuziyası daha
önəmlidir.

Təzə dondurulmuş plazma laxtalanma faktorlarının
çatışmazlığında, qaraciyər çatışmazlığında istifadə olunur.
Hər bir qan komponentinin köçürülməsi klinik və laborator
göstəricilərə əsaslanır. Qan komponentlərinin düzgün istifadəsi və
seçilməsi həyat qurtarmaqda həlledici rol oynayır. Qan
komponentlərinin göstərişə uyğun olaraq düzgün təyini transfuziya
fəsadlarının riskini azaldır. Düzgün istifadə çoxorqan
çatışmazlığının inkişaf riskini minimuma endirir.

– Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək və yan
təsirləri minimuma endirmək üçün hansı profilaktik tədbirlər
görülür?

– Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək üçün bir sıra
profilaktik tədbirlər həyata keçirilir. Qanvermədən əvvəl donor
sorğu vərəqəsinin suallarını cavablandırır. Sonra tibbi müayinədən
keçirilir. Hemodinamik göstəricilər – arterial təzyiq, nəbz, bədən
temperaturu, çəki, boy, hemoqlobin səviyyəsi yoxlanılır. Sağlamlıq
vəziyyəti və əks göstərişləri qiymətləndirilir. Qan donoru sağlam
və uyğun şəxslər ola bilər. Qanvermə prosesi tam steril şəraitdə
aparılır. Yalnız birdəfəlik və steril alətlərdən istifadə olunur.
Qan verən zaman donorun vəziyyəti daim müşahidə edilir. Hansısa yan
təsir nəzərə çarpanda dərhal müdaxilə edilir. Qanvermədən sonra
donor müəyyən müddət nəzarət altında saxlanılır. Donora bol maye
qəbulu və istirahət tövsiyə olunur. Qan nümunələri infeksion
markerlərə görə laborator yoxlamadan keçirilir. Bu tədbirlər
donorun və resipiyentin sağlamlığının qorunmasına və prosesin
təhlükəsiz aparılmasına xidmət edir.

– Qanvermə ilə bağlı ən çox yayılan miflər
hansılardır?

– Qanvermə ilə bağlı cəmiyyətdə ən çox yayılan miflər insanların
donor olmağa tərəddüd etməsinə səbəb olur. Bu miflərin əksəriyyəti
elmi əsaslara söykənmir və düzgün məlumatlandırma ilə asanlıqla
aradan qaldırıla bilər. Ən geniş yayılmış miflərdən biri
qanvermənin sağlamlığa zərər vurması fikridir. Əslində isə sağlam
insan üçün qanvermə təhlükəsizdir və orqanizm itirilən qan həcmini
qısa müddətdə bərpa edir. Donor yalnız tibbi müayinədən keçdikdən
sonra qan verir və bu, risklərin qarşısını alır.

Digər geniş yayılmış mif qanvermə zamanı infeksiyaya yoluxma
qorxusudur. Müasir qan xidmətində bütün alətlər birdəfəlik və
sterildir. Bu səbəbdən qanvermə zamanı hansısa yoluxucu xəstəliyin
keçməsi mümkün deyil. Bu mif daha çox köhnə və yanlış
təsəvvürlərdən qaynaqlanır.




Bəzi insanlar düşünürlər ki, qan verən şəxs uzun müddət zəif və
halsız olur. Reallıqda isə düzgün qidalanma və kifayət qədər maye
qəbulu ilə donorlar tez bir zamanda özlərini normal hiss edirlər.
Qan verdikdən sonra tövsiyələrə əməl edildikdə gündəlik həyata
qayıtmaq asan olur.

Başqa bir mif qanvermənin asılılıq yaratması ilə bağlıdır. Yəni
guya bir dəfə qan verən insan daim qan verməyə məcbur qalır. Bu
fikir tamamilə yanlışdır. Qanvermə könüllü prosesdir və orqanizmdə
hansısa asılılıq yaratmır.
Həmçinin belə bir yanlış fikir də var ki, qadınlar və ya zəif bədən
quruluşlu insanlar qan verə bilməzlər. Əslində isə əsas meyar cins
və bədən quruluşu deyil, ümumi sağlamlıq vəziyyətidir. Bu miflərin
aradan qaldırılması qanvermə mədəniyyətinin inkişafına və daha çox
insanın bu xeyirxah addıma qoşulmasına töhfə verir.

Ən çox rast gəlinən yanlış inanclardan biri də qanvermə
prosesinin gigiyenik baxımdan riskli olması ilə bağlıdır. Bəzi
insanlar hesab edirlər ki, bu zaman orqanizmə infeksiya keçmə
ehtimalı var. Halbuki, qan xidmətində infeksiyadan müdafiə
şərtlərinə ciddi şəkildə əməl edilir, bütün prosedurlar beynəlxalq
standartlara uyğun aparılır və istifadə olunan tibbi vasitələr
yalnız bir dəfə tətbiq edilir. Bu səbəbdən qanvermə infeksiya
mənbəyi deyil və bu düşüncə elmi əsaslara deyil, köhnə qorxulara
söykənir.

– Qan verməkdə tərəddüd edən insanlara nə tövsiyə
edərdiniz?

– Qan verməkdə tərəddüd edən insanlar üçün əsas tövsiyə ilk
növbədə düzgün və etibarlı məlumatlara əsaslanaraq qərar
vermələridir. Qanvermə prosesi tibbi baxımdan təhlükəsizdir və
müasir standartlara uyğun şəkildə həyata keçirilir. Donor
olmamışdan əvvəl hər bir şəxs həkim müayinəsindən keçirilir,
hemoqlobin səviyyəsi, arterial təzyiq və ümumi sağlamlıq vəziyyəti
qiymətləndirilir. Bu da həm donorun, həm də resipiyentin
təhlükəsizliyini təmin edir.
Unutmaq olmaz ki, bir nəfərin verdiyi qan bir neçə xəstənin
həyatını xilas edə bilər. Qanvermə yalnız humanitar addım deyil,
həm də cəmiyyət qarşısında sosial məsuliyyət nümunəsidir. Əgər
tərəddüdünüz varsa, Səhiyyə Nazirliyi Respublika Qan Bankının
həkimləri ilə açıq şəkildə məsləhətləşin, suallarınızı verin və
proseslə yaxından tanış olun. Məlumatlılıq qanverməyə olan qorxunu
azaldır və bu xeyirxah addımı atmağı asanlaşdırır.

– Könüllü və mütəmadi qanvermə praktikasının ölkənin qan
təhlükəsizliyi üçün rolu nədən ibarətdir?

– Könüllü və mütəmadi qanvermə praktikası müasir
transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının elmi
cəhətdən sübut olunmuş ən effektiv modelidir. Beynəlxalq
tədqiqatlar göstərir ki, könüllü və əvəzsiz donorlar arasında
transfuzion yolla keçən infeksiyaların yayılma riski təsadüfi və ya
məcburi donorlarla müqayisədə xeyli aşağıdır. Bunun əsas səbəbi bu
donorların sağlam həyat tərzinə daha çox diqqət yetirməsi və riskli
davranışlardan uzaq olmasıdır.

Mütəmadi qan verən şəxslər hər dəfə klinik baxışdan və laborator
müayinələrdən keçdiyinə görə onların sağlamlıq göstəriciləri
davamlı şəkildə qiymətləndirilir. Bu proses həm donorun
sağlamlığının qorunmasına, həm də qan banklarına daxil olan qan
komponentlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Elmi
əsaslara görə, stabil donor bazası olan ölkələrdə qan
ehtiyatlarının təhlükəsizliyi və davamlılığı daha yüksək səviyyədə
təmin olunur.
Könüllü və mütəmadi qanvermə fövqəladə hallarda, böyük cərrahi
əməliyyatlarda, ağır travmalarda, doğuş və onkoloji xəstəliklərin
müalicəsində fasiləsiz qan təminatını mümkün edir. Planlı və
davamlı qan ehtiyatı səhiyyə sisteminin operativliyini artırır və
ölüm hallarının azalmasına birbaşa təsir göstərir.

Eyni zamanda, bu praktika Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyələrinə uyğun olaraq ölkənin milli qan təhlükəsizliyi
strategiyasının əsas istiqamətlərindən biri hesab olunur. Nəticə
etibarilə, könüllü və mütəmadi qanvermə yalnız humanist bir addım
deyil, elmi əsaslara söykənən, həyat xilas edən və cəmiyyətin
sağlamlığını qoruyan fundamental bir səhiyyə mexanizmidir.