Qaradağ GES-də indiyədək istehsal olunan elektrik enerjisinin həcmi məlum olub

Baş səhifə

Biləsuvar. Trend:

“Qaradağ” Günəş Elektrik Stansiyası (GES) istismara verildiyi
dövrdən indiyədək 1 milyard kilovat/saat elektrik enerjisi istehsal
olunub.

Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı
xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev
jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək qoyuluş gücündə bərpa
olunan mənbələrdən istifadə edən stansiyaların payını 30%-ə
çatdırmağı hədəfləyir: “Əgər proseslər planlaşdırılan sürətlə davam
edərsə, 30% göstəricisinə daha tez, yəni 2027-ci ilin sonuna qədər
nail olunacaq. Bu istiqamətdə intensiv işlərimiz davam edir”.




C. Abdullayev “Masdar” şirkətinin əsas tərəfdaşları olduğunu
bildirib və qeyd edib ki, onun artıq 230 meqavatlıq elektrik
stansiyası Qaradağ ərazisində istismara verilib: “Oktyabrın 26-da
bu layihənin istismara verilməsinin iki ili tamam olacaq. Biz onu
istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard
kilovat/saat elektrik enerjisini əldə olunacaq. İki ilin tamamında
1 milyard kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir”.

Qeyd edək ki, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik
Stansiyası (GES) 2023-cü ildə istismara verilib.