
Bakı. Trend:
İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda
şəxsiyyət əleyhinə cinayətlər, insanların şərəf və ləyaqətinə qarşı
hörmətsizlik hallarının sayı artır. Eyni zamanda bu
texnologiyalardan istifadə etməklə iqtisadi və mülkiyyət əleyhinə
cinayətlər də geniş vüsət alıb.
Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər komitəsinin
sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında
“İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən
istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır
cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində
beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər
Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq
edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, informasiya texnologiyaları əslində
ölkənin, dövlətin, iqtisadiyyatın, kənd təsərrüfatının və sosial
siyasətin inkişafına xidmət etməlidir:
“Lakin təəssüf ki, bəzi hallarda bu imkanlardan sui-istifadə
edilir, insanların şərəf və ləyaqətinə qarşı böhtan kampaniyaları
aparılır, dövlətin və ordunun əleyhinə dezinformasiya yayılır.
Qarşılıqlı beynəlxalq əməkdaşlıq isə bu kimi halların qarşısının
alınmasında mühüm rol oynaya bilər”.
Millət vəkili vurğulayıb ki, bu cinayətlərdən ən çox zərər çəkən
təqaüdçülərdir:
“Onların bank kartı məlumatları və kodları ələ keçirilərək
müxtəlif ölkələrdən idarə olunan cinayətkar şəbəkələr vasitəsilə
vəsaitləri mənimsənilir. Bu konvensiya həmin halların qarşısının
alınmasında da mühüm rol oynayacaq.
Eyni zamanda vətəndaşların xəbəri olmadan onların adına
şirkətlərin açılması, saxta sənədlər əsasında vergi borclarının
formalaşdırılması, ölkədən çıxışa qadağaların tətbiqi kimi hallar
mövcuddur. Bundan əlavə, bələdiyyə və mülkiyyət sənədlərinin
saxtalaşdırılması, torpaq və daşınmaz əmlakla bağlı dələduzluq
halları artmaqdadır”.
S.Novruzov qeyd edib ki, bu beynəlxalq konvensiyaya qoşulmaqla
yanaşı, daxili qanunvericiliyik, xüsusilə Cinayət Məcəlləsinin
müvafiq normalarının təkmilləşdirilməsi bu cinayətlərin qarşısının
alınmasına ciddi töhfə verəcək.

