
İsrail İspaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedros İsrail XİN-in Siyasi-Strategiya Məsələləri İdarəsinin rəhbəri Gilad Koen tərəfindən qəbul edilib, diplomata irad bildirilib.
Buna səbəb İspaniyanın gənclər naziri Sira Reqonun sentyabrın 24-də İspaniya cəmiyyətinin “çaydan dənizə qədər azad Fələstin” mövqeyini dəstəklədiyini bildirməsi olub.
İsrail Xarici İşlər Nazirliyi Reqonun açıqlamasını İspaniya hökuməti və Baş nazir Pedro Sançesin yürütdüyü “sistemli anti-İsrail siyasətinin” bir hissəsi kimi qiymətləndirib.
Qeyd edək ki, Reqo bundan əvvəl də İsrailin Qəzzadakı siyasətini tənqid edib və Fələstin dövlətinin tanınmasını dəstəkləyən mövqe səsləndirib.

