Orta Dəhlizin 16 prioritet layihəsinin ümumi dəyəri 25,1 milyard dollar qiymətləndirilir – Dünya Bankı

Baş səhifə

Bakı.Trend:

Orta Dəhlizin 16 prioritet layihəsinin ümumi dəyəri
25,1 milyard dollar qiymətləndirilir.

Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər
Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” adlı
hesabatında deyilir.

Qeyd olunur ki, Orta Dəhliz kütləvi yüklərin təchizat zəncirləri
üçün tədricən səmərəli ticarət marşrutuna çevrilir. Hesabata
əsasən, son illərdə Avrasiya ölkələri arasında ticarət maneələrinin
artması fonunda Transxəzər Dəhlizi hakimiyyət orqanlarının getdikcə
daha çox diqqətini cəlb edir.

“Bu, dəhlizin keçdiyi ölkələrin infrastrukturun
inkişafı ilə bağlı əhəmiyyətli təşəbbüsləri, bir qayda olaraq,
Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə təşkilatlarının
dəstəyi ilə həyata keçirməsi ilə müşayiət olunur. Hazırda
Transxəzər Dəhlizi üçün zəruri olan ən təcili və ya əhəmiyyətli 16
infrastruktur investisiyasından ümumi dəyəri 25,1 milyard dollar
olan layihələrin 75 faizi artıq həyata keçirilir və ya yaxın
zamanda başlanması gözlənilir. Bu zəruri investisiyalar
məqsədyönlüdür və buna görə də etibarlı iqtisadi əsaslara
malikdir”, – deyə hesabatda bildirilir.

Bununla yanaşı, Dünya Bankı qeyd edir ki, 16
prioritet layihədən savayı, əlavə investisiyalar tələb olunacaq və
ya dəhliz ölkələri üçün yeni investisiya imkanları yaranacaq.
Onların ən əhəmiyyətliləri də hesabatda müəyyən edilib.

Sənədə əsasən, infrastruktur investisiyalarının
hazırkı dinamikası göstərir ki, Transxəzər Dəhlizinin gələcək
inkişafı üçün əsas məhdudiyyət, ehtimal ki, infrastruktur
çatışmazlığı deyil, onun fəaliyyətinin səmərəliliyi olacaq.




Dünya Bankı bildirir ki, dəhliz üçün ən aktual, lakin
uzunmüddətli vəzifə konteyner daşımaları üçün rəqabətqabiliyyətli
və dayanıqlı marşruta çevrilməkdir. Hesabata görə, bunun üçün
dəhlizin səmərəliliyinin artırılmasına yönəlmiş əhəmiyyətli
dəyişikliklərə ehtiyac var.

“Sabit müddətlərə riayət etməklə müntəzəm daşımalar,
yüksək etibarlılıq səviyyəsi, proseslərə inteqrasiya olunmuş
şəffaflıq, standart olmayan vəziyyətlərin operativ idarə edilməsi
və təhlükəsiz rəqəmsallaşma konteyner bazarlarına xidmət göstərmək
üçün zəruridir”, – deyə sənəddə bildirilir.

Bundan əlavə, Dünya Bankı dəhlizin logistika
sistemini tənzimləyən nəqliyyat, tranzit və ticarət proseslərinə,
habelə sərhədyanı qarşılıqlı fəaliyyət mexanizmlərinə yenidən
baxılmasını zəruri hesab edir.

Hesabatda məlumatları, sənədləri, qərar qəbuletməni,
investisiyaları və xidmətləri əhatə etməli olan inteqrasiyaya yeni
yanaşmanın zəruriliyi vurğulanır.

“Hal-hazırda Transxəzər Dəhlizində sərhədyanı
qarşılıqlı fəaliyyətin bu səviyyədə inteqrasiyası çatışmır”, – deyə
sənəddə qeyd olunur.

Bununla yanaşı, Dünya Bankının gəldiyi qənaətə görə,
digər ticarət dəhlizlərinin inkişafı üzrə beynəlxalq təcrübə
göstərir ki, belə inteqrasiya səviyyəsinə məqsədyönlü tədbirlər,
əlaqələndirilmiş əməkdaşlıq və uzunmüddətli yanaşma vasitəsilə,
eyni zamanda operativ tədbirlərin görülməsi zərurəti nəzərə
alınmaqla nail olmaq mümkündür.