
Bakı. Trend:
Planlaşdırılan infrastruktur investisiyalarının
həyata keçirilməsi və avadanlıqların genişləndirilməsi ilə 2040-cı
ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə
arta bilər.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər
Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” adlı
hesabatında deyilir.
Proqnozlara görə, Xəzər dənizi üzərindən ümumi
yükdaşımaların həcmi 2023-cü ildəki 8,8 milyon tondan 2040-cı
ilədək təxminən 3,6 dəfə artaraq 32,1 milyon tona çata bilər.
“Hesablamalara görə, dəhlizin əsas giriş və çıxış
məntəqələrini əhatə edən şərq qapısından yükdaşımaların həcmi
təxminən 3,7 dəfə – 28,5 milyon tondan 105,7 milyon tona qədər
artacaq.
Qərb qapısından yükdaşımaların həcmi 2023-cü ildəki
12,1 milyon tondan 2040-cı ilədək təxminən 35 milyon tona qədər
arta bilər. Neft və neft məhsulları istisna edildikdə,
yükdaşımaların həcminin proqnozlaşdırılan artımı daha əhəmiyyətli
olacaq.
Belə ki, Xəzər hissəsində qeyri-neft yüklərinin həcmi
təxminən 4,5 dəfə, şərq qapısında 4,1 dəfə, qərb qapısında isə 5,1
dəfə arta bilər. Bu, dəhlizin ticarətin qeyri-enerji yükləri
istiqamətində şaxələndirilməsini dəstəkləmək potensialını əks
etdirir”, – deyə hesabatda qeyd olunur.
Qeyd edilir ki, yüklərin tərkibi də Orta Dəhlizin
müxtəlif hissələrində fərqlənir.
“Şərq qapısı metallar, maşınlar, kimyəvi məhsullar və
avadanlıqlar da daxil olmaqla daha geniş çeşiddə mallara xidmət
göstərir.
Bununla yanaşı, Xəzər hissəsi və qərb qapısı üzrə
axınlar hələ də neft və digər mallar üzərində daha çox cəmləşməsi
ilə xarakterizə olunur”, – deyə bank bildirir.

