Mərkəzi Bankın yeni faiz qərarı daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək – Vüqar Oruc

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsinin 6,5 faiz səviyyəsində
saxlanılması, faiz dəhlizinin yuxarı həddinin 7,5 faizdə qorunması,
aşağı həddinin isə 0,5 faiz bəndi azaldılaraq 5 faizə endirilməsi
bank sektorunda likvidliyin idarə olunması və pul bazarının
aktivləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bunu Trend-ə
açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)
İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, əsas dəyişiklik faiz dəhlizinin aşağı
hissəsində baş verib: “Bu isə banklararası bazarda pul
resurslarının hərəkətliliyinin artırılmasına, bankların öz
aralarında daha aktiv əməliyyat aparmasına və mövcud likvidliyin
iqtisadiyyata daha effektiv ötürülməsinə şərait yarada bilər”.

Sədr hesab edir ki, hazırda bank sektorunda struktur likvidlik
profisiti 6,3 milyard manatdır ki, bu göstərici 2025-ci ilin
dekabrı ilə müqayisədə 2,2 dəfə artıb: “Eyni zamanda, təminatsız
pul bazarında AZIR üzrə orta günlük faiz sentyabrın ötən dövründə
6,02 faizə qədər enib. Bu onu göstərir ki, bank sistemində resurs
qıtlığından daha çox, artıq likvidliyin səmərəli yerləşdirilməsi
məsələsi gündəmdədir”.

Vüqar Oruc hesab edir ki, bu qərar daşınmaz əmlak bazarına
təsirsiz ötüşməyəcək: “Belə ki, aşağı həddin 5 faizə endirilməsi
kredit faizlərinin avtomatik olaraq 0,5 faiz bəndi ucuzlaşacağı
olmasa da, bankların maliyyələşmə imkanlarının və banklararası
bazardakı əməliyyatların genişlənməsi üçün daha əlverişli şərait
yarana bilər. Bu proses kredit bazarına ötürüldüyü halda likvidlik,
banklararası bazar, kredit resursları, kredit tələbi, investisiya
və istehlak və son nəticədə daşınmaz əmlak tələbi zənciri formalaşa
bilər. Məhz bu səbəbdən faiz dəhlizindəki dəyişiklik daşınmaz əmlak
bazarı üçün də dolayı, lakin əhəmiyyətli siqnaldır”.

Ekspert bildirib ki, 2026-cı ilin II rübündə mənzil bazarında
qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə
11,0 faiz artıb: “Yəni bazarda qiymət artımı artıq mövcuddur və
monetar şəraitdəki yumşalma bu tendensiyanı əlavə olaraq dəstəkləyə
bilər. Burada üç əsas kanal işləyə bilər. İpoteka və digər kredit
resurslarının əlçatanlığında yaxşılaşma baş verərsə, mənzil almaq
imkanına malik potensial alıcıların sayı arta bilər.

Bank depozitlərinin gəlirliliyi ilə daşınmaz əmlakın gəlirlilik
gözləntiləri arasındakı fərq investorların qərarlarına təsir edir.
Faizlərin tədricən aşağı düşməsi daşınmaz əmlakın investisiya
alternativi kimi marağını artıra bilər. Maliyyələşmənin
genişlənməsi yeni tikinti layihələrinin sayını və tikinti
aktivliyini dəstəkləyə, bu isə xüsusilə perspektivli ərazilərdə
torpağa tələbi artıra bilər”.

Torpaq bazarının dinamikasının mənzil bazarından getdikcə daha
çox fərqləndiyinə diqqət çəkən sədr qeyd edib ki, mənzildə qiymət
formalaşmasına kredit, gəlirlər, ipoteka imkanları və tikinti
xərcləri təsir edirsə, torpaqda bunlara əlavə olaraq şəhərsalma,
infrastruktur, əraziyə gələcək investisiyalar, təklifin məhdudluğu
və kommersiya potensialı çox ciddi rol oynayır: “Ona görə də
faizlərin aşağı istiqamətdə hərəkəti davam edərsə, bunun torpaq
bazarında təsiri bəzi lokasiyalarda mənzil bazarından daha güclü
hiss oluna bilər. Xüsusilə Bakı və Abşeronun yeni infrastruktur
dəhlizləri, nəqliyyat layihələri və inkişaf perspektivi olan
ərazilərində torpağın investisiya cəlbediciliyi yüksələ bilər”.

Ekspert bildirib ki, mövcud monetar və bazar şərtləri dəyişməz
qalarsa, 2026-cı ilin sonuna qədər daşınmaz əmlak seqmentləri üzrə
qiymətlər aşağıdakı kimi ola bilər.




Seqment 2026 üzrə gözlənti:

Yeni mənzillər 12–15%

Köhnə mənzillər 8–12%

Kotlovan mərhələsi 13–17%

Torpaq 16–22%

Qeyri-yaşayış obyektləri 10–13%

Fərdi yaşayış evləri 9–14%

Ekspert bildirib ki, Mərkəzi Bank uçot dərəcəsini 6,5 faizdə
saxlamaqla yanaşı, yuxarı həddi də 7,5 faizdə saxlayıb. Bu,
inflyasiya risklərinin hələ də nəzərə alındığını göstərir: “Avqust
ayında illik inflyasiya 5,7 faiz, baza inflyasiya isə 5,1 faiz
olub. Mərkəzi Bank qlobal enerji və ərzaq qiymətləri ilə bağlı
risklərin qaldığını bildirir. Digər tərəfdən, valyuta bazarında
təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi və Mərkəzi Bankın
valyuta ehtiyatlarının 8 ayda 32,9 faiz artaraq 15,3 milyard
dollara çatması manatın məzənnəsi və makroiqtisadi sabitlik
baxımından da mühüm göstəricilərdir”.

Vüqar Oruc onu da əlavə edib ki, növbəti faiz qərarından sonra
artıq bunun daşınmaz əmlak bazarına təsirindən daha əminliklə
danışmaq mümkün olacaq: “Daşınmaz əmlak bazarında qiymətinı təsir
göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı
sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin
alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə
qarşılamasıdır. Mərkəzi Bankın son qərarı düzgün kredit ötürülməsi
baş verdiyi halda əmlak bazarında mövcud artım trendini dəstəkləyə
biləcək qərardır. Xüsusilə torpaq və kotlovan seqmentləri bu
monetar dəyişikliklərə daha həssas ola bilər”.