
Bakı. Trend:
Bakı Limanı Orta Dəhlizin ən mühüm qovşaqlarından
biridir, çünki Azərbaycanın ərazisində və Xəzər dənizinin qərb
sahilində müqayisəolunan gücə və əməliyyat imkanlarına malik başqa
universal yük limanı yoxdur.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər
Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında
deyilir.
Sənədə əsasən, Bakı Limanının gücü hazırkı 15 milyon
tondan 25 milyon tona, konteyner gücü isə birinci mərhələdə 150 min
TEU-dan 260 min TEU-ya, sonrakı mərhələdə isə təxminən 500-650 min
TEU-ya çatdırılır.
“Genişləndirmə, xüsusilə, mövcud giriş kanalında
dibdərinləşdirmə işlərini, həmçinin mövcud və planlaşdırılan körpü
sahələrində işləri nəzərdə tutur.
2025-ci ildə Bakı Limanı 107 min TEU daxil olmaqla,
8,2 milyon ton yük emal edib. Limanın konteyner dövriyyəsi illik
ifadədə 39 faiz artıb”, – deyə hesabatda bildirilir.
Həmçinin qeyd olunur ki, limanın dövlət-özəl
tərəfdaşlığının həyata keçirilməsi sahəsində təcrübəsi var.
“Belə ki, özəl sektorun iştirakı ilə gübrələrin
aşırılması terminalı yaradılıb, ayrı-ayrı ümumi və konteyner
yüklərinin emalı əməliyyatlarında özəl stevedor şirkətlərinin
iştirakı genişləndirilib”, – deyə hesabatda bildirilir.
Dünya Bankının qiymətləndirməsinə görə, yeni
terminalların, o cümlədən ixtisaslaşdırılmış konteyner terminalının
tikintisi də daxil olmaqla, Bakı Limanının 25 milyon tona və
təxminən 500-650 min TEU-ya qədər davam edən genişləndirilməsi
limanın idarəetmə modelinin dəyişdirilməsi üçün imkan yaradır.
Sənəddə qeyd olunur ki, bu proses çərçivəsində
limanın idarə edilməsində “landlord-port” modelinin prinsiplərindən
daha geniş istifadə etmək və rəqabət əsasında bağlanan uzunmüddətli
konsessiya müqavilələri əsasında yeni terminalların idarə
edilməsinə bir və ya bir neçə aparıcı beynəlxalq özəl operator cəlb
etmək mümkündür.

