
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Əliş
İsmayılov Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 2026–2027-ci illər
üzrə İş Proqramı çərçivəsində həyata keçirilən beynəlxalq tədqiqat
layihəsinə rəhbərlik edəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.
O, Azərbaycanın təşkilata sədrliyi dövründə BNF Katibliyinə ezam
olunub. Sədrlik başa çatdıqdan sonra da əməkdaşlığını davam etdirib
və hazırda Azərbaycanı Forumun Nəqliyyat Tədqiqat Komitəsində
təmsil edir.
Bildirilib ki, “Nəqliyyat qurumları tərəfindən siyasətin və
nəticələrin təkmilləşdirilməsi məqsədilə süni intellektdən
istifadə” adlı layihədə süni intellekt texnologiyalarının dövlət
nəqliyyat qurumlarının fəaliyyətində tətbiqi araşdırılacaq.
Layihədə təxminən 20 ölkədən 40-a yaxın mütəxəssisin, eləcə də
özəl sektor və digər qurumların nümayəndələrinin iştirakı nəzərdə
tutulur. Bu format müxtəlif ölkələrin təcrübəsinin müqayisəli
şəkildə öyrənilməsi, süni intellektin nəqliyyat sektorunda tətbiqi
ilə bağlı imkanlar və çağırışların müəyyən edilməsinə şərait
yaradacaq.
Layihə üzrə ilk iclasda üzvlər təqdim olunub, iştirakçı ölkə və
qurumların ilkin yanaşmaları müzakirə edilib. Həmçinin tədqiqatın
əsas istiqamətləri və gözlənilən nəticələri barədə fikir mübadiləsi
aparılıb.
Süni intellektin nəqliyyat qurumlarında tətbiqi son illərdə
Beynəlxalq Nəqliyyat Forumunun əsas diqqət yetirdiyi
istiqamətlərdən biridir. BNF çərçivəsində nəqliyyat qurumlarının
süni intellektdən təhlükəsiz, məsuliyyətli və effektiv istifadəsi
ilə bağlı müxtəlif araşdırmalar aparılıb və siyasət sənədləri
hazırlanıb.
Nazirliyin məlumatına görə, yeni layihəyə rəhbərlik Azərbaycanın
Beynəlxalq Nəqliyyat Forumu ilə tədqiqat sahəsində genişlənən
əməkdaşlığının, eləcə də Azərbaycan mütəxəssislərinin BNF
çərçivəsində beynəlxalq tədqiqat və bilik mübadiləsində iştirakının
artdığını göstərir.

