
Bakı. Trend:
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bütün dövlət
mükafatlarından məhrum edilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkənin hazırkı
dövlət başçısı Sadır Japarov tərəfindən imzalanıb.
Qırğızıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə,
sabiq dövlət başçısı “Qırğızıstan Qəhrəmanı” ali fəxri adı, II
dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalından
məhrum ediləcək. Mətbuat xidmətinin qeyd etdiyi kimi, orden və
medallar bundan sonra respublikanın dövlət təltifləri fonduna
təhvil veriləcək.
Baş Prokurorluq yanında Məhkəmə İcraçıları Xidmətinə dövlət
təltiflərinin Atambayevdən müsadirə olunması və onların sonradan
dövlət təltifləri fonduna verilməsi üçün müvafiq tədbirlərin
görülməsi tapşırılıb.
Qeyd edək ki, Almazbek Atambayev 2011–2017-ci illərdə
Qırğızıstanın prezidenti olub və bundan sonra ölkənin siyasi
həyatında rəsmi olaraq fəal iştirak etməyib. İyunun 3-də Bişkekin
Pervomayski rayon məhkəməsi onu 2019-cu ildə Koy-Taş kəndində baş
verən hadisələrlə bağlı iş üzrə 11,5 il müddətinə azadlıqdan məhrum
edib.

