
Bakı. Trend:
Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında 11 milyard
manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın kənd
təsərrüfatı naziri Məcnun Məmmədov 1 Noyabr – Kənd Təsərrüfatı
İşçiləri Günü münasibətilə cümə günü nazirliyin inzibati binasında
keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı
dövlət siyasətinin əsas prioritetlərindəndir. Onun sözlərinə görə,
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu
sahənin inkişafına möhkəm zəmin yaradıb, hazırda isə Prezident
İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun müasirləşdirilməsi,
rəqabət qabiliyyətinin artırılması və ərzaq təhlükəsizliyinin
gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir.
M.Məmmədov qeyd edib ki, 2026–2030-cu illər üçün kənd
təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və
emalı sahələrinin inkişafına dair Dövlət Proqramı aqrar sektorun
inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir.
“Proqram çərçivəsində məhsuldarlığın artırılması, müasir suvarma
texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli
istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda
duran əsas vəzifələrdəndir”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, Dövlət Proqramında müəyyən edilmiş
hədəflərə nail olmaq üçün dövlət qurumları, özəl sektor, fermerlər
və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam
etdirilməsi vacibdir.
O vurğulayıb ki, aqrar sahənin hüquqi bazasının
təkmilləşdirilməsi, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında”
yeni qanunların qəbul edilməsi, eləcə də dövlət dəstəyi
mexanizmlərində yeni yanaşmaların tətbiqi fermerlər üçün daha
əlverişli fəaliyyət mühiti yaradılmasına xidmət edir.
M.Məmmədov bildirib ki, 2026-cı ilin ilk doqquz ayında dənli
bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2
faiz artıb, buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib. Meyvə və
giləmeyvə istehsalı isə 5 faiz artaraq 842,6 min tona çatıb. Kənd
təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika
qeydə alınıb.
O əlavə edib ki, əldə olunan nəticələrə baxmayaraq, iqlim
dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq
bazarlardakı dəyişikliklər aqrar sektorda daha çevik və innovativ
yanaşmaların tətbiqini zəruri edir.
“Rəqəmsallaşma, müasir texnologiyaların tətbiqi və elmi
biliklərin istehsalata inteqrasiyası aqrar inkişafın əsas
istiqamətləri olaraq qalmalıdır”, – deyə nazir qeyd edib.
Nazir işğaldan azad edilmiş ərazilərin aqrar potensialının
bərpasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun
sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların
yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq
ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkə üçün yeni
imkanlar yaradır.

