Əməliyyatları 40 faiz artan maliyyə institutları yenidən yoxlanılacaq

Baş səhifə

Bakı. Trend:

Maliyyə institutlarında əvvəlki təqvim ili ilə müqayisədə
əməliyyatların məbləği 40 faiz və ya daha çox artdıqda təkrar
qiymətləndirmə aparılacaq.

Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü
plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Mərkəzi Bank “Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən
edilmiş maliyyə institutlarına və onların daxil olduğu maliyyə
qruplarına münasibətdə həmin qanunda və “Hədəfli maliyyə
sanksiyaları haqqında” Qanunda nəzərdə tutulmuş qaydada və hallarda
nəzarət orqanının funksiyalarını həyata keçirəcək.

Mərkəzi Bank cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə
qruplarının risk profillərini, o cümlədən “Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə
riayət edilməməsi risklərini dövri olaraq qiymətləndirəcək, eləcə
də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun
idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər
baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər
dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu,
habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki
təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya
məbləğində 40 (qırx) faiz və ya daha çox artım olduqda)
qiymətləndirməni təkrar həyata keçirəcək.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunlardan irəli gələn
nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank
yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə
maliyyə institutlarından və ya maliyyə qruplarından sənəd və
məlumatları tələb etmək hüququna malik olacaq.

Mərkəzi Bank tərəfindən nəzarət tədbirlərinin həyata
keçirilməsinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə
alınmaqla müəyyən ediləcək:




– maliyyə institutlarının və ya maliyyə qruplarının risk
profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və
onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və
prosedurları;

– ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi,
kütləvi qırğın silahlarının yayılması və yayılmasının
maliyyələşdirilməsi riskləri;

– maliyyə institutlarının və (və ya) maliyyə qruplarının
xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və
sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli
aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan
yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta
vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının
və onların idarəçilərinin, xarici investisiya fondlarının
nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada
həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanunvericiliyə
görə, Mərkəzi Bank maliyyə institutlarına münasibətdə “Cinayət yolu
ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə
sanksiyaları haqqında” Qanunlarda nəzərdə tutulmuş qaydada və
hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir. Maliyyə
institutları “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında”
Qanunlardan irəli gələn tələblərə əməl etməlidirlər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.