
Bakı.Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhlizlə bağlı
dayanıqlı nəqliyyat layihələrinin həyata keçirilməsində
maraqlıdır.
Bu barədə AYİB-in Qafqaz üzrə yeni regional rəhbəri Tea
Melikadze Trend-ə
verdiyi özəl müsahibədə bildirib.
“Biz Orta Dəhlizi Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə
Avropa bazarları ilə birləşdirən getdikcə daha mühüm marşrut kimi
qiymətləndiririk. Xəzər dənizində strateji mövqeyi və digər
nəqliyyat əlaqələri sayəsində Azərbaycan bu dəhlizdə mərkəzi rol
oynayır”, – deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, növbəti mərhələdə bank nəqliyyat
əlaqələrindəki “dar boğazların” aradan qaldırılmasına,
səmərəliliyin və dayanıqlılığın artırılmasına, eləcə də dəhlizin
ümumi rəqabət qabiliyyətinin gücləndirilməsinə imkan verəcək
investisiya layihələrini müəyyənləşdirməyi planlaşdırır.
“Biz Orta Dəhlizlə bağlı dayanıqlı nəqliyyat və digər
infrastruktur layihələrində maraqlıyıq. Ayrı-ayrı layihələrin
müzakirəsi onların hazırlanma səviyyəsindən və icraya hazırlığından
asılı olacaq. Buna görə də hazırkı mərhələdə konkret
maliyyələşdirmə öhdəlikləri barədə danışmaq tezdir”, – deyə o qeyd
edib.
AYİB-in TRIPP layihəsinin həyata keçirilməsində mümkün
rolu
Melikadze bildirib ki, AYİB “Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu” (TRIPP) layihəsini Cənubi Qafqazda regional
bağlantıların inkişafı üçün yeni istiqamət kimi nəzərdən
keçirir.
“Biz Cənubi Qafqazda regional bağlantıları və iqtisadi
inteqrasiyanı yaxşılaşdıra biləcək təşəbbüsləri alqışlayırıq. TRIPP
bu baxımdan yeni və mühüm elementdir”, – deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, bank nəqliyyat infrastrukturunun
maliyyələşdirilməsi və fəaliyyət göstərdiyi ölkələrdə regional
əlaqələrin inkişafına dəstək sahəsində böyük təcrübəyə
malikdir.
“Ayrı-ayrı layihələrin gələcək inkişafından asılı olaraq AYİB
bir neçə mərhələdə töhfə verə bilər: yaxşı strukturlaşdırılmış
layihələrin hazırlanmasına dəstək göstərmək, bankın tələblərinə
uyğun olan layihələri maliyyələşdirmək, iqtisadi siyasət məsələləri
üzrə dialoqu dəstəkləmək və özəl investisiyaların cəlb edilməsinə
kömək etmək”, – deyə o bildirib.
Melikadze hesab edir ki, özəl sektorun iştirakı xüsusilə
logistika, eləcə də kommersiya baxımından səmərəli olan digər
infrastruktur layihələri və xidmətləri sahələrində faydalı ola
bilər.
“AYİB-in konkret rolu ayrı-ayrı layihələrin necə
hazırlanacağından və strukturlaşdırılacağından asılı olacaq”, –
deyə o əlavə edib.
Azərbaycanın infrastruktur sektorunda iştirakın
genişləndirilməsi planları
Melikadze qeyd edib ki, AYİB Azərbaycanın infrastruktur
sektorunda iştirakını genişləndirmək üçün əhəmiyyətli potensial
görür.
Onun sözlərinə görə, 2026-cı il avqustun 31-nə AYİB-in
Azərbaycandakı portfeli təxminən 879 milyon avro təşkil edib və 35
aktiv layihəni əhatə edib.
“Bununla belə, bu göstəriciyə təkcə infrastruktur layihələri
deyil, bankın digər fəaliyyət istiqamətləri də daxildir.
İnfrastruktur sahəsində maliyyələşdirmənin artırılması imkanları
mövcuddur. Lakin bu, əvvəlcədən müəyyən edilmiş investisiya
hədəfindən deyil, maliyyələşdirilməyə uyğun, yaxşı hazırlanmış,
dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış layihələrin
mövcudluğundan asılı olacaq. AYİB-in maliyyələşdirmə imkanlarının
və ekspert biliklərinin hansı istiqamətlərdə daha böyük səmərə verə
biləcəyini, Azərbaycanın uzunmüddətli inkişaf prioritetlərinin
həyata keçirilməsinə necə töhfə göstərə biləcəyini
qiymətləndiririk.
Dayanıqlı nəqliyyat və logistika, su təchizatı və kanalizasiya,
eləcə də daha geniş şəhər infrastrukturu daxil olmaqla, bir neçə
sahədə imkanlar görürük. Bundan əlavə, ölkənin yaşıl iqtisadiyyata
keçidi və regional bağlantıların gücləndirilməsi perspektivli
istiqamətlər olaraq qalır. Müvafiq şəraitin olduğu hallarda
infrastruktur sektoruna daha çox özəl kapitalın cəlb edilməsində də
maraqlıyıq”, – deyə o izah edib.
Regional rəhbər qeyd edib ki, AYİB-in geniş maliyyə alətləri
çeşidi banka bu vəzifələrin həyata keçirilməsində əhəmiyyətli
çeviklik təmin edir.
“Biz suveren və sub-suveren maliyyələşdirmə təqdim edə, həmçinin
layihənin xüsusiyyətlərindən və müştərinin ehtiyaclarından asılı
olaraq borc maliyyələşdirməsi, kapitalda iştirak və zəmanətlər kimi
alətlərdən istifadə etməklə özəl sektor şirkətlərini birbaşa
maliyyələşdirə bilərik. Bu dəstək qarışıq maliyyələşdirmə, texniki
yardım və iqtisadi siyasət məsələləri üzrə dialoqla tamamlana
bilər. Məqsədimiz uzunmüddətli nəticələrə nail olmaq üçün zəruri
investisiyaları və ekspert biliklərini bir araya gətirməkdir”, –
deyə Melikadze əlavə edib.
Yeni infrastruktur layihələrinin həyata keçirilməsi və
investisiyaların cəlb edilməsi imkanları
Melikadze bildirib ki, bank Azərbaycanda yeni infrastruktur
layihələrinin həyata keçirilməsi üçün üç əsas istiqamət üzrə
perspektivlər görür.
Onun sözlərinə görə, birinci istiqamət regional bağlantıların və
dayanıqlı nəqliyyatın inkişafıdır.
“Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında yerləşməsi
nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində mühüm rol
oynayır. Bu həm ölkənin özünə, həm də bütövlükdə regiona fayda
gətirir”, – deyə o qeyd edib.
Melikadze ikinci istiqamət kimi su təsərrüfatı və bələdiyyə
infrastrukturunu göstərib.
“Su təhlükəsizliyi, su ehtiyatlarından səmərəli istifadə, çirkab
suların təmizlənməsi və şəhər infrastrukturunun dayanıqlılığının
artırılması məsələləri getdikcə daha böyük əhəmiyyət kəsb edir”, –
deyə o qeyd edib.
Regional rəhbər üçüncü istiqamətin infrastruktur sektoruna özəl
kapitalın cəlb edilməsi olduğunu bildirib.
“AYİB dövlət qurumlarına maliyyələşdirilməyə uyğun layihələrin
hazırlanmasında, müvafiq dövlət-özəl tərəfdaşlığı modellərinin
işlənib hazırlanmasında, institusional potensialın
gücləndirilməsində, eləcə də kommersiya kapitalının cəlb edilməsi
üçün maliyyələşdirmə və risklərin azaldılması alətlərindən istifadə
olunmasında dəstək göstərə bilər.
Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı hər layihə üçün uyğun
deyil. Belə mexanizmlər yalnız ənənəvi dövlət satınalmaları ilə
müqayisədə vəsaitlərdən daha səmərəli istifadəyə imkan verdiyi
hallarda tətbiq edilməlidir”, – deyə Melikadze qeyd edib.
Qafqazda regional bağlantıların gücləndirilməsi
prioritetləri
Melikadze vurğulayıb ki, onun vəzifəsi bankın regiondakı
fəaliyyətini davam etdirmək və investisiyalarının səmərəliliyini
artırmaqdır.
“İnfrastruktur iqtisadi inkişafın dəstəklənməsində, regional
bağlantıların gücləndirilməsində, eləcə də həyati əhəmiyyətli
xidmətlərin keyfiyyətinin və dayanıqlılığının artırılmasında mühüm
rol oynayır”, – deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, bankın fəaliyyəti 2025–2029-cu
illər üzrə İnfrastruktur Sektorunun İnkişafı Strategiyasına uyğun
həyata keçirilir. Strategiya üç əsas prioriteti nəzərdə tutur:
nəqliyyat və regional bağlantıların yaxşılaşdırılması, iqlim
dəyişikliyi ilə mübarizə və təbiətin mühafizəsi tədbirlərinin
gücləndirilməsi, eləcə də infrastrukturun dayanıqlılığının
artırılması.
“Qafqazda bu, biznesin və əhalinin ehtiyaclarına cavab verən
keyfiyyətli və inklüziv infrastrukturun dəstəklənməsi, həmçinin
müştərilərimizə korporativ idarəetməni təkmilləşdirməkdə və
göstərilən xidmətlərin keyfiyyətini artırmaqda kömək etmək
deməkdir. Beləliklə, mənim yanaşmam fəaliyyət istiqamətinin köklü
şəkildə dəyişdirilməsini deyil, mövcud xəttin daha iddialı
vəzifələrlə davam etdirilməsini nəzərdə tutur. Müştərilərlə
əməkdaşlığı dərinləşdirmək və investisiya prioritetlərinin
maliyyələşdirilməyə uyğun, hərtərəfli hazırlanmış layihələrə
çevrilməsinə kömək etmək niyyətindəyəm. Bunun üçün praktiki
nəticələr əldə etməyə imkan verən hallarda maliyyə dəstəyini
texniki yardım və siyasət məsələləri üzrə dialoqla
birləşdirəcəyik”, – deyə o əlavə edib.
İnfrastruktur üzrə regional rəhbər qeyd edib ki, AYİB-in
Azərbaycanla əməkdaşlığı üçün artıq nisbətən yeni strateji çərçivə
formalaşdırılıb.
“AYİB-in Azərbaycan üzrə 2025–2030-cu illər üçün Strategiyası
bankın Direktorlar Şurası tərəfindən 2025-ci ilin yanvarında
təsdiqlənib və investisiyalarımızın, eləcə də dövlət qurumları ilə
iqtisadi siyasət məsələləri üzrə qarşılıqlı fəaliyyətimizin
istiqamətlərini müəyyən edir. Strategiya iki əsas prioriteti
nəzərdə tutur: daha güclü, rəqabətə davamlı və inklüziv özəl
sektorun inkişafı, eləcə də idarəetmə sisteminin təkmilləşdirilməsi
yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə dəstək göstərilməsi;
Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi və
eyni zamanda regional bağlantıların yaxşılaşdırılması.
İnfrastruktur sektorunda bu, bələdiyyə infrastrukturunun,
dayanıqlı nəqliyyat şəbəkələrinin və rəqəmsal bağlantıların
dəstəklənməsi, xüsusilə də Orta Dəhlizlə bağlı layihələrə diqqət
yetirilməsi üçün imkanlar yaradır. Hazırda vəzifəmiz bu
prioritetləri konkret investisiya layihələrinə və islahatlara
çevirməkdir”, – deyə Melikadze vurğulayıb.
Bakının içməli su ilə kompleks təminatı layihəsinin
texniki-iqtisadi əsaslandırılması
Melikadze bildirib ki, Bakının içməli su ilə kompleks təminatı
layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması
davam edir.
“TİƏ prioritet investisiyaların müəyyənləşdirilməsi üçün zəruri
olan texniki, iqtisadi, ekoloji və sosial təhlillərin aparılmasına
imkan verəcək”, – deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, Bakı və ətraf ərazilərin su
infrastrukturunun inkişafı təşəbbüsü AYİB-in Azərbaycanla
əməkdaşlığının mühüm tərkib hissəsidir.
“Bu təşəbbüs xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş
dayanıqlı, iqlim dəyişikliklərinə uyğunlaşdırılmış və maliyyə
baxımından əsaslandırılmış investisiya həllərinin
müəyyənləşdirilməsi məqsədilə Bakı və Abşeron yarımadasının su
infrastrukturu problemlərinin kompleks şəkildə həllini nəzərdə
tutur. Texniki-iqtisadi əsaslandırmanın nəticələri prioritet
investisiya layihələrinin əhatə dairəsini və həyata keçirilmə
ardıcıllığını müəyyənləşdirməyə, həmçinin layihə üzrə növbəti
addımları planlaşdırmağa kömək edəcək”, – deyə o bildirib.

