
Bakı. Trend:
İsveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində Azərbaycan
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
Cenevrə şəhərində burada yerləşən Cenevrə Beynəlxalq Humanitar
Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli
ilə görüş keçirib.
Trend xəbər
verir ki, söhbət əsnasında bu beynəlxalq qurumun Azərbaycanda
minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu
vurğulanıb. Ölkəmizdə mina və partlamamış sursatlar probleminin
miqaysı və onun aradan qaldırılması istlqamətində Azərbaycan
dövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyəti barədə
həmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkəmizin
Cenevrədəki mərkəzi ilə uğurla həyata keçirilən əməkdaşlığın daha
da genişləndirilməsinə açıq olduğunu qeyd edib.
Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası
Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış “Azərbaycan
Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin
Edilməsinə dair” Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün
əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın
Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi
imkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirə
ediblər.
Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək
üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri
yüksək qiymətləndirib və onun rəhbərlik etdiyi mərkəzin
Azərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığı
daha da dərinləşdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə o,
gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini
vurğulayaraq, səfər zamanı azərbaycanlı həmkarları ilə qarşılıqlı
əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi
planlaşdırdığını qeyd edib.
Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin
ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından
əhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmiş
ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə
əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş
çəkməsini tövsiyyə edib.

