
Bakı. Trend:
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsini tənzimləyən
yeni məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.
Müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının
Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da
hökumətin rəsmi “Resmi Gazete” nəşrində dərc edilib.
Sənədə əsasən, yeni qaydalar bu il noyabrın 1-dən tətbiq
ediləcək. Tələblərə görə, sosial şəbəkə platformaları 15 yaşına
çatmamış şəxslərə xidmət göstərə bilməyəcək. 15–18 yaş arası
istifadəçilər üçün isə gücləndirilmiş təhlükəsizlik və məxfilik
tədbirlərini əhatə edən xüsusi rejim yaradılmalıdır. Mövcud və
aktiv hesablarda istifadəçilərin yaşının təsdiqlənməsi prosesi
2027-ci il martın 31-dək başa çatdırılmalıdır.
İstifadəçilərin yaşı dövlət elektron xidmətləri sistemi
“e-Devlet” vasitəsilə xüsusi identifikator əsasında yoxlanılacaq.
15–18 yaş arası yeniyetmələrin hesabları ilkin olaraq qapalı
rejimdə olacaq. Həmin istifadəçilərə canlı yayımlardan,
fərdiləşdirilmiş reklamlardan və müəyyən məzmun tövsiyəsi
mexanizmlərindən istifadə etməyə icazə verilməyəcək.
Yeni qaydalara əsasən, sosial şəbəkələr topladıqları məlumatlar
əsasında yetkinlik yaşına çatmayan şəxslərə digər istifadəçilərin
hesablarını tövsiyə edə bilməyəcək. Eyni zamanda, yeniyetmələrin
profillərinin başqa istifadəçilərə tövsiyə olunması da qadağan
ediləcək.
Bununla yanaşı, azyaşlıların şəxsi təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı tələblər də sərtləşdirilir. Sosial şəbəkələrə
uşaqların hesablarını telefon kitabçaları, əlaqə siyahıları,
elektron poçt ünvanları kitabçaları, eləcə də digər tətbiq və
platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdırmaq
qadağan olunacaq. Həmin mənbələrə daxil olmaq və əldə edilən
məlumatları emal etmək də mümkün olmayacaq.
Normativ akt sosial şəbəkə platformalarının valideynlər və
qəyyumlar üçün xüsusi nəzarət vasitələri hazırlamasını və
istifadəyə verməsini də nəzərdə tutur. Bu alətlər vasitəsilə
uşaqların hesablarını və onların parametrlərini, platformada
keçirdikləri vaxtı, geolokasiya məlumatlarını, ödənişli
əməliyyatları və digər funksiyaları idarə etmək mümkün olacaq.

