
Bakı.Trend:
Qazaxıstan qlobal iqtisadi qeyri-müəyyənliyin artması fonunda
MDB-nin üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsindəki
rolunu yüksək qiymətləndirir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün
Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında
bildirib.
Qazaxıstan Prezidentinin mətbuat xidməti tərəfindən yayılan
press-relizdə qeyd olunur ki, Tokayev mövcud şəraitdə hər bir
dövlətin maraqlarını nəzərə alan razılaşdırılmış qərarların
qəbuluna imkan verən birbaşa və etimada əsaslanan dialoqun mühüm
əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, 1991-ci ildə yaradıldığı vaxtdan MDB etimadın və
əməkdaşlığın möhkəmləndirilməsi üçün səmərəli çoxtərəfli mexanizm
kimi formalaşıb və beynəlxalq aləmdə geniş tanınıb.
Qazaxıstan Prezidenti bu il 35 illiyini qeyd edən təşkilatın
tarixi əsaslarının əhəmiyyətini də vurğulayıb. O xatırladıb ki,
Qazaxıstan MDB-nin yaradılmasının təşəbbüskarlarından biri olub,
1991-ci ildə Alma-Ata Bəyannaməsinin imzalanması isə üzv
dövlətlərin tarixində taleyüklü hadisəyə çevrilib.
Tokayev xalqlar arasında dostluğun, eləcə də ümumi mədəni və
mənəvi irsin Birliyin əsas sərvəti olaraq qaldığını bildirib.
O, həmçinin beynəlxalq vəziyyətdə baş verən dəyişikliklərə, o
cümlədən qlobal iqtisadi əlaqələrin pozulmasına, texnoloji
rəqabətin güclənməsinə və qeyri-müəyyənliyin artmasına diqqət
çəkib.
“Yubiley ilində Bəyannamədə təsbit olunmuş prinsiplərə yenidən
nəzər salmağı, keçdiyimiz yolu təhlil etməyi və gələcək vəzifələri
müəyyənləşdirməyi təklif edirəm”, – deyə o bildirib.
Tokayev noyabr ayında Almatıda Qazaxıstan Strateji Araşdırmalar
İnstitutunun himayəsi altında Alma-Ata Bəyannaməsinin 35 illiyinə
həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini açıqlayıb. O, MDB
ölkələrindən olan alimləri, hüquqşünasları, tarixçiləri və
ekspertləri tədbirdə iştirak etməyə dəvət edib.
Qazaxıstan Prezidenti sammitin təşkilinə və Türkmənistanın
MDB-yə sədrliyi dövründə təşkilatın gündəliyinin təşviqinə verdiyi
töhfəyə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova da
təşəkkür edib.

