
Bakı. Trend:
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi
Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönəlmiş qərəzli və
məqsədyönlü paylaşımların aşkarlandığını açıqlayıb.
Mərkəzin sosial şəbəkə hesabında yayımlanan bəyanatda bəzi
beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə iki ölkə
arasındakı möhkəm əlaqələri, strateji müttəfiqliyi və “Bir millət,
iki dövlət” prinsipini hədəfə alan materialların yayıldığı
bildirilib.
Qeyd olunub ki, bu cür paylaşımlar Türkiyə və Azərbaycan
arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə
xələl gətirməyə, eləcə də regionda sülh və sabitliyi pozmağa
hesablanmış informasiya manipulyasiyasının tərkib hissəsidir.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz
qardaşlıq bağları əsasında qurulan münasibətlərini bütün sahələrdə
qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirirlər. Ölkələr
arasında strateji tərəfdaşlıq, birgə təşəbbüslər və həyata
keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ bəyanatlarla
ictimai rəyi çaşdırmaq cəhdləri nəticə verməyəcək”, – deyə
açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu kimi
materiallara inanmamağa, məlumatları yalnız rəsmi qurumların
açıqlamaları əsasında qiymətləndirməyə çağırıb.

