
Bakı. Trend:
Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair
monitorinqlər təşkil ediləcək.
Bu barədə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyi
məlumat yayıb.
Qeyd edilib ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində
vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə
başlanılır. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən
edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də
təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə
uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə
tutulur.
Nəzərinizə çatdırırıq ki, təhsil müəssisələrində vahid geyim
formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb
rəhbərliyi tərəfindən tənzimlənir. Geyim forması ilə bağlı müvafiq
məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə edilərək həll
olunur.
Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında
dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa
məsuliyyətidir.
Qeyd edək ki, vahid geyim forması tələblərinin tətbiqində əsas
məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil
mühitini formalaşdırmaqdır.

