
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya
üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Ağdam
rayonuna gəliblər.
Səfər çərçivəsində nümayəndə heyəti rayonun Sarıcalı kəndi
ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
əməkdaşları xarici nümayəndələrə Ermənistan tərəfindən ərazilərin
minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə
işləri barədə məlumat verib. O bildirib ki, Ağdam rayonu mina və
partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri
hesab edilir. Qonaqlar minatəmizləmə prosesini izləyiblər.
Aİ Şurasının nümayəndələri daha sonra Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin
Hüseynovla görüşüblər.
Görüşdə Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib.
Ardınca azad edilmiş ərazilərdə baş verən dəyişiklərə həsr
olunmuş videoçarx nümayiş etdirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının nümayəndəsi komissiyanın fəaliyyəti, o
cümlədən azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar
edilməsi və əsir və itkin düşmüş soydaşlarımızın taleyinin
araşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat
verib.
Qeyd edək ki, səfər çərçivəsində Aİ Şurasının nümayəndə heyəti
əvvəlcə Şuşa və Xankəndi şəhərlərində olublar.

