Hikmət Babaoğlu: Heydər Əliyevin qurduğu dövlətçilik modeli Azərbaycanın Zəfərinə yol açdı

Baş səhifə

Ümummilli lider Heydər Əliyevin qurduğu dövlətçilik modeli Azərbaycanın Zəfərinə yol açdı.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Azərbaycan dövlətinin quruculuq yolu

Hikət Babaoğlu deyib ki, 1993-cü il 3 oktyabr tarixi Azərbaycanda müstəqilliyimizi əldə etdikdən sonra ilk dəfə legitim hakimiyyətin formalaşdırıldığı tarixdir: “Məhz 3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı öz siyasi iradəsi ilə 98,8% səslə böyük dövlət xadimi Heydər Əliyevi hakimiyyətə gətirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayan yol, əslində, müstəqil Azərbaycan dövlətinin quruculuğu yoluna çevrildi. Ölkəmiz vətəndaş müharibəsindən xilas oldu, dövlət qurumlarının funksionallığı bərpa edildi. Azərbaycanın iqtisadi fəaliyyətinin yeni fəlsəfəsi müəyyənləşdirildi və 1994-cü ildə gələcəkdə inkişaf edəcək Azərbaycanın iqtisadi əsasları yaradıldı. Bir il sonra, 1995-ci ildə Azərbaycanda yeni Konstitusiyanın qəbul edilməsi ilə dövlətimizin hüquqi, siyasi, fəlsəfi və konseptual əsasları müəyyənləşdirildi.

Buna paralel olaraq, bir neçə dəfə Azərbaycanda dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Yalnız 1995-ci ildən sonra Azərbaycanda daxili siyasi sabitliyin formalaşması üçün əsaslar yaradıldı və bu planda önə çıxan birinci milli vəzifə Azərbaycanda vahid komandanlığa tabe olan Milli Ordunun yaradılması idi. Beləliklə, biz 3 oktyabrdan sonra başlayan yolu müstəqil Azərbaycan dövlətinin formal əsaslardan həqiqi milli dövlətə çevrilməsi prosesi kimi qiymətləndirə bilərik. Atılan təməllərin tarixi aspektdən nə qədər doğru olduğunu isə biz 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfər zirvəsindən geri dönüb baxarkən görə bilərik”.

Milli həmrəylik, güclü dövlət

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 1993-cü ildə təməli qoyulan müstəqil Azərbaycan dövlətçiliyi nəhayət 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa edə biləcək qüdrətə qovuşdu: “Bu isə Heydər Əliyevin memarı olduğu Azərbaycanın inkişafı nəticəsində mümkün oldu. Amma burada biz ümumi milli həmrəylik və ideoloji həmrəylik məsələsini də unutmamalıyıq. Hər bir dövlətin mövcudluğu onun güclü olması ilə əlaqələndirilirsə, hər bir gücün də təməli milli həmrəylikdən doğan ümumi milli gücdür. Bax, həm ideoloji-siyasi aspektdə, həm hüquqi-siyasi aspektdə, həm də iqtisadi-sosial aspektdə təməllər düzgün atılmasaydı, şübhəsiz ki, biz bu gün məğlub ölkədən qalib dövlətə, qalib ölkəyə çevrilə bilməzdik”.

Hikət Babaoğlu deyib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında da Prezident İlham Əliyev suveren Azərbaycanın gələcək təhlükəsizlik konsepsiyasının fəlsəfəsini güc üzərində qurdu və bunu güclü Azərbaycan modeli üzərindən izah etdi: “Dövlət başçısı bu kontekstdə 90-cı illərin əvvəllərinə qayıtdı, dövlətçilik yaddaşımızı yeniləyərək, haradan hara gəldiyimizi analiz etmək üçün ardıcıl olaraq öz fikirlərini səsləndirdi. Ona görə də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Prezidentinin çıxışı suveren Azərbaycanın gələcək inkişafının və təhlükəsizliyinin ümumi konsepsiyası kimi qiymətləndirilməlidir və güc fəlsəfəsi üzərindən dəyərləndirilməlidir. Bu güc sadəcə hərbi güc deyil, eyni zamanda iqtisadi gücdür, həmrəyliyin gücüdür və Azərbaycan Prezidentinin fiziki gücə bərabər tutduğu ideoloji həmrəylik və ideoloji gücdür. Ona görə də biz əgər 2021-ci ildən Yeni Azərbaycan Partiyasının VII Qurultayından 2026-cı ilə qədər keçən 5 ili təhlil etməyə çalışsaq, bu dövr Zəfərdən suverenliyə keçid dövrü kimi qiymətləndirilməlidir. Bundan sonra başlayacaq yeni dövr isədaha güclü Azərbaycan dövrü kimi xarakterizə edilməlidir. Bunun necə həyata keçiriləcəyi, cəmiyyətin və siyasi sistemin üzərinə hansı vəzifələrin düşəcəyi, dövlət tərəfindən hansı işlərin həyata keçiriləcəyi ilə bağlı Azərbaycan Prezidentinin fikirləri sistemləşdirilməli, xüsusi tezislər və konsepsiya halında həyata keçirilməlidir”.

Sülhü qoruyan amil

YAP İdarə Heyətinin üzvü Prezident İlham Əliyevun ölkədə sülhün qorunması üçün də gücün lazım olduğunu ifadə etdiyini söyləyib: “Çünki sülh daim təhdid altındadır və həmişə belə olacaq. Sülhü əldə etmək nə qədər çətindirsə, onu qorumaq daha çətindir. Azərbaycan Prezidenti sülhə təhdidin iki mənbəyini göstərdi və ermənilərin sülh ritorikasına inanmamağımız üçün əsas mənbə kimi tarixi təcrübəmizi göstərdi. Qeyd etdi ki, biz zəifləsək, mütləq arxamızda sancılan erməni bıçağını görəcəyik. Bunu hər bir azərbaycanlı özünün fəaliyyət proqramına çevirməlidir.

İkincisi, hazırkı beynəlxalq şəraitdə sülhün hər tərəfdən təhdid olunduğunu göstərdi. Yəni, bunu siyasi reallıqla əlaqələndirdi. Ona görə də güclü Azərbaycan modeli suveren Azərbaycan modelini tamamlayan və sülhü təhdidlərdən qorumağın əsas insani vasitəsi olacaq”.