
Bakı. Trend:
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider
Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən
bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol
oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını xüsusi
qeyd edirik. 1992-ci ilin 21 noyabr tarixi gənc ölkəmizin həyatında
yeni bir mərhələyə yol açdı. Zamanın tələbi, xalqın istəyi ilə
yaradılan Yeni Azərbaycan Partiyası təsis konfransını müxtəlif
regionlardan 550 nümayəndinin iştirakı ilə keçirdiyi halda hazırda
800 minə yaxın üzvü sıralarında birləşdirməsi xalqın bu partiyaya
inamının, etimadının əyani göstəricisidir. Təkcə partiyanın VII
Qurultayından VIII Qurultayına qədərki dövrün reallıqlarına diqqət
yetirsək görərik ki, 2021-ci ilin 5 mart tarixindən 2026-cı ilin 1
oktyabr tarixinədək ölkənin aparıcı siyasi qüvvəsinin sıralarına 95
379 nəfər yeni üzv qəbul edilib. YAP-ın həyatında baş verən mühüm
hadisələr, o cümlədən keçirilən görüşlər, konfranslar, seminarlar
və müşavirələr haqqında ətraflı məlumatlar mütəmadi olaraq mediada
işıqlandırılmaqla ictimaiyyətin diqqətinə çatdırıldı.
YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək
daim dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsinə
davamlı töhfələri ilə ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli
rol oynayır. Partiyanın yaradılmasından ötən 34 ilin ölkəmizin
həyatına yazdığı uğurları sadalamaqla bitməz. Bu baxımdan YAP-ın
qurultayları ən mühüm strateji, ideoloji və təşkilati qərarların
qəbul edildiyi əsas platforma olaraq partiyanın hesabat dövründə
fəaliyyətinə yekun vurmaqla yanaşı, gələcək inkişaf xəttini, seçki
strategiyalarını və proqramları müəyyən edir. Partiyanın əsas
məqsəd və vəzifələrini əks etdirən Proqram və Nizamnamə sənədləri
qurultaylarda qəbul olunur və ya onlara dəyişikliklər edilir.
Tarixi Zəfərimizin yaratdığı reallıqların əsasında 2021-ci ilin 5
mart tarixində keçirilən VII Qurultayda Prezident, YAP-ın Sədri
İlham Əliyevin tapşırığı ilə yeni Proqram hazırlandı və həmin ilin
sonunda qəbul edildi. Partiyanın yarandığı dövrün tələbləri
əsasında qəbul edilən ilk Proqramda nəzərdə tutulan bütün
vəzifələrin uğurlu icrası, hədəflərin reallığa çevrilməsi yeni
Proqramın qəbulunu zərurətə çevirdi və həmin sənəd qəbul edildi.
“Biz birlikdə güclüyük!” devizini özündə ehtiva edən yeni Proqramda
nəzərdə tutulan hədəflər partiyanın hesabat dövründə fəaliyyəti
üçün yol xəritəsi oldu. Yeni Azərbaycan Partiyasının hər bir
qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə
kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 34 il əvvəl Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin
aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin
xalqımızın istəyi və tələbi ilə hakimiyyətə tarixi qayıdışından
sonra hakim siyasi partiya statusunu qazanan YAP daim ona
göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə
gedib, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə
layiqli töhfələr verib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar
Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
partiyanın VIII Qurultayındakı dərin məzmunlu, proqram xarakterli
çıxışı YAP-ın keçdiyi çətin və eyni zamanda şərəfli yolun geniş
təhlili, həmçinin onların əsasında qarşıdakı dövrün hədəflərinin,
görüləcək işlərin təqdimatı oldu. “Yeni Azərbaycan Partiyasının
qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə
bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və
siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır”
söyləyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, Yeni
Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük
siyasi qüvvəsidir:
“Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki,
partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və
şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük
töhfəsi var. Qurultayımız yeni ictimai-siyasi və geosiyasi
vəziyyətdə keçirilir”.
Qürurvericidir ki, partiyamızın VIII Qurultayı Azərbaycanın
ərazi bütövlüyünün və suverenlyinin tam bərpa edilməsinin Cənubi
Qafqaz regionunda yaratdığı yeni reallıqlar şəraitində keçirildi.
VII Qurultayımız da şanlı Zəfərimizdən bir neçə ay sonra baş tutdu.
Təbii ki, hər dövrün çağırışları ölkədə gedən bütün proseslərin
mərkəzində dayanan, Azərbaycanın keçdiyi inkişaf mərhələlərinin
bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının da fəaliyyətində
təkmilləşməni, yeniləşməni bir zərurət kimi qarşıya qoyur.
Qurultaylarda qəbul edilən Nizamnamə sənədləri həmin zərurətdən
irəli gələn məqamları özündə əks etdirərək partiyanın qarşıdakı
dövr üçün fəaliyyətini istiqamətləndirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir
çıxışı Azərbaycanın reallıqlarının təbliği, ölkəmizdə, regionda və
dünyada baş verən hadisələr barədə dolğun məlumatların əldə
edilməsi üçün zəngin mənbədir. Tarixi Zəfərə, ərazi bütövlüyümüzün
və suverenluyimizin tam bərpasına gedən yoldan geniş bəhs edən
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan özü təkbaşına həm
işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar
yaratdı:
“İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu
reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Bu, asan başa
gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik.
Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu
kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq
edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq
qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk
növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd
niyyətləri alt-üst etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı
tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni
əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın
20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi
bütövlüyünü və suverenliyini bərpa etdi. Bu iki hərbi Zəfər təkcə
xalqımız, dövlətimiz deyil, bütün dünya üçün böyük önəm daşıyır. Bu
qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik”.
Milli Məclisin deputatı bildirib ki, VIII Qurultay Yeni
Azərbaycan Partiyasının yaradıldığı dövrün reallıqlarının, bütün
qələbələrimizin başlanğıc tarixinin məhz partiyanın təsis
konfransının olmasının əsaslı şəkildə ölkə ictimaiyyətinə
çatdırılması ilə də diqqətdə oldu. O dövrdə cərəyan edən hadisələr
hər kəsə məlumdur. O vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə
düşmüşdü. Ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq
Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən
qüvvələr öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və
beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlanmışdı.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin üzərində Azərbaycanın
nəzarəti tam itirildi. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci
ilin may ayında işğal altına düşdü. Bundan bir ay sonra AXC-Müsavat
cütlüyü hakimiyyəti zəbt etdi. Hakimiyyətə gəlmək, ovaxtkı
hakimiyyəti devirmək üçün faktiki olaraq torpaqları Ermənistana
təhvil verdilər, ondan sonra itkilərimiz daha da artdı. 1993-cü
ilin aprelində Kəlbəcərin işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratdı. Ölkəmizin
Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş verdi.
Prezident İlham Əliyev çıxışında “Əslində, Heydər Əliyevdən sonrakı
dövrə nəzər saldıqda, – mən 1980-ci illəri nəzərdə tuturam, – hər
kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz
vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq,
fərarilik göstərmişdilər” söyləyərək bu faktı da diqqətə çatdırdı
ki, təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm
sovet, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4
rəhbərdən 3-ü Bakıdan qaçmışdılar – ikisi Moskvaya, biri
Kələkiyə:
“Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan-Azərbaycan
münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad
edilmişdi. Yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu,
utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik,
bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı
idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni
Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki
xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet
hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş –
1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana
birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi
və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Azərbaycanda
isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın
rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür
edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt
imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar
açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda
yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz
nicat yolunu ancaq Heydər Əliyevlə bağladı”.
Vüqar Rəhimzadə ölkəmizin Ümummilli Lider Heydər Əliyevin xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə
qazandığı davamlı uğurlardan geniş bəhs edərək bildirib ki,
Azərbaycan sabitlik, eyni zamanda, böyük investisiyalar məkanına
çevrildi. İqtisadi və siyasi müstəqilliyimiz təmin edildi. Ulu
Öndərin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi
olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana inam daha da
artdı. Buna bir daha əmin olmaq üçün həmin vaxtdan indiyədək
imzalanan sazişlərə, Anlaşma memorandumlarına diqqət yetirmək
kifayətdir. “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz
Dəhlizinin təməlinin qoyulması və nəzərdə tutulduğu vaxtda tam
tərkibdə istifadəyə verilməsi, Azərbaycanın hazırda neftlə yanaşı,
qaz, elektrik enerjisi ixracatçısı kimi diqqətdə olması, dünyanın
enerji təhlükəsizliyinin təminatına, regional inkişafa davamlı
töhfələr verməsi və sair kimi biri-birindən mühüm hadisələr enerji
diplomatiyamızın uğurlarıdır.
Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə
xüsusi önəm verməklə hazırkı dövrün reallıqlarının əsasını qoydu.
Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi
1993-2003-cü illər ərzində ölkəmiz beynəlxalq təcriddən çıxdı.
Çünki o vaxt AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o
cümlədən səriştəsiz xarici siyasəti nəticəsində işğala məruz qalan,
bir milyondan artıq əhalisi qaçqın və məcburi köşkün vəziyyətinə
düşən Azərbaycan olduğu halda ölkəmizə qarşı sanksiyalar tətbiq
edilirdi. Heç də təsadüfi deyildi ki, ABŞ Konqresi tərəfindən
Azərbaycana qarşı ədalətsiz 907-ci düzəliş o vaxt qəbul edilmişdi.
Ümummilli Lider ölkənin belə bir çətin durumunda hakimiyyət sükanı
arxasına keçdi və dahi rəhbərin hakimiyyəti dövründə çox qısa
müddətdə müstəqil Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu.
Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün
də bu strategiya Ümummilli hədəflərimizin reallaşmısına yol
göstərən mayak rolunu oynayır. “Ulu Öndərin siyasi xətti dəyişməz
olaraq qalır” söyləyən Prezident İlham Əliyev bu reallığı da xüsusi
qeyd etdi ki, təbii ki, illər keçdikcə taktiki və hətta strateji
məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz
olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü
hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə
imkanları. Bu siyasət 2003-cü ildən davam etdirilirdi, bu gün də
davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu gün
Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir.
Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta
güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri
var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq
aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir. Bu illər
ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. Şanlı
qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər
məkanında, Ağ Evdə möhürlədik.
Milli Məclisin deputatı keçilən yolun təhlili fonunda Prezident
İlham Əliyev, YAP-ın Sədri İlham Əliyevin VIII Qurultayda qarşıya
qoyduğu vəzifələrə diqqəti yönəldərək bildirib ki, hərbi gücümüzün
artırılması əsas prioritetlərdəndir. Prezident İlham Əliyev bunu
şərtləndirən amillərdən, həmçinin təhlükəsizlik tədbirlərindən,
ideoloji təhlükəsizliyin təmin edilməsindən, YAP fəallarının
ideoloji işin aparılmasında iştirakından, xarici siyasət
uğurlarımızdan, hazırkı dövrün reallıqlarına uyğun olaraq Qarabağda
və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərindən, Azərbaycanın iqtisadi inkişafının güclü sosial
siyasətlə tamamlanmasından geniş bəhs etdi. Təbii ki, qeyd edilən
istiqamətlərin hər biri ayrı-ayrılıqda bir yazının mövzusudur. Hər
dövrün öz tələbi, çağırışı olduğunu, onların həyata keçirilməsində
müasir yenilikdən istifadə etməyin vacibliyi Qurultayda xüsusi
vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, ideoloji işin
düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan
tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir
ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir
ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil.
Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri
öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz
rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır
ki, həqiqətlər hər bir vətəndaşa bu gün çox şaxələnmiş informasiya
mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində çatsın.
Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan
dilində bir resurs yaradılır? Bizə qarşı təxribat etmək, xalqımızı
çaşdırmaq, gənclərin beyinlərini zəhərləmək üçün yaradılır. Ölkə
Prezidenti bu çağırışı etdi ki, görürsünüz ki, haradasa Azərbaycan
dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq
üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində
gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb
ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb:
“Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı
özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək
üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə
bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim
olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan
Partiyasının üzvləri”.
Vüqar Rəhimzadə qeyd edib ki, partiyamıza yeni qələbələr
arzulayan Prezident İlham Əliyev vəzifələrin daha da çox olduğunu,
bu gün yalnız strateji əhəmiyyət daşıyan istiqamətlərin diqqətə
çatdırıldığını önə çəkərək bu əminliyini ifadə etdi ki, Yeni
Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi
vəzifələrin icrasında fəal iştirak edəcəklər.
Ümumxalq etimadının ünvanı kimi nüfuz qazanan Yeni Azərbaycan
Partiyası bundan sonra da Ümummilli Lider Heydər Əliyevin ilk
gündən fəaliyyətinə yüksək dəyər verdiyi “YAP dünənin, bu günün və
gələcəyin partiyasıdır” çağırışını atdığı addımlarında yol xəritəsi
kimi qəbul edərək tarixini daha da möhtəşəm zəfərlərlə
zənginləşdirəcək. VII Qurultaydan sonrakı dövrün təhlili partiyanın
hər bir məqsədə nail olmaq üçün böyük səylər göstərdiyini,
populizmdən uzaq olduğunu, daim Azərbaycanın bu günü və gələcəyi,
xalqımızın yüksək rifah şəraitində yaşaması üçün çalışdığını
təsdiqlədi. Tarixi Zəfərimizdən sonra keçirilən VII Qurultayda
qəbul edilən qərarların davamı olaraq VIII Qurultayın da qarşıya
qoyduğu vəzifələrin uğurlu icrası ilə davamlı uğurlarımız təmin
ediləcək, YAP hər zaman olduğu kimi bundan sonra da ölkəmizdə gedən
proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının üzvləri
Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham
Əliyevin rəhbərlik etdiyi ölkənin bu aparıcı siyasi təşkilatının
təsis olunduğu 1992-ci ildən başlanğıcını götürən zəfərlərimizdən
üzərimizə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək amalı
ilə daha xoşbəxt gələcəyimizə doğru inamla addımlayırlar.

