
Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya Bünyadov prospektində yolötürücüsü müayinə olunacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, müayinə işləri gecə saat 01:00-dan 05:00-dək həyata keçiriləcək.
İnstrumental müayinə işlərinin digər yolötürücülərində də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, oktyabrın 10-da M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-də yerləşən Ekologiya postunda, oktyabrın 11-də isə həmin avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı hissəsində müayinə aparılacaq.
Müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.

