
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu
üzrə onlayn bilet alışında sərnişinlərin maraqlarını qorumaq və
mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədilə yeni
verifikasiya qaydaları tətbiq edir. Bəs yeni qaydalar nələri
nəzərdə tutur, Azərbaycan və xarici ölkə vətəndaşları şəxsi
kabinetlərini necə təsdiqləməli və bilet almaq üçün hansı addımları
atmalıdırlar?
Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə Trend-ə açıqlamasında
bildirib ki, Azərbaycan Dəmir Yollarının Bakı–Tbilisi–Bakı marşrutu
üzrə onlayn bilet satışında tətbiq etdiyi yeni verifikasiya
mexanizmi kibertəhlükəsizlik baxımından diqqətçəkən addımdır.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının şəxsi
kabinetlərinin mygov ID vasitəsilə, xarici vətəndaşların isə
telefon nömrəsinə göndərilən OTP kodla təsdiqlənməsi istifadəçinin
real şəxsiyyətinin daha etibarlı müəyyənləşdirilməsinə imkan
verir:
“Belə mexanizmlərin əsas üstünlüklərindən biri saxta hesabların,
avtomatlaşdırılmış kütləvi bilet alışlarının və mümkün sui-istifadə
hallarının qarşısının alınmasına kömək etməsidir. Eyni zamanda,
şəxsiyyət məlumatlarının hansı həcmdə toplandığı, necə
saxlanıldığı, kimlərin çıxışına açıq olduğu və məlumatların
qorunması üçün hansı texniki təhlükəsizlik tədbirlərinin tətbiq
edildiyi də mühüm məsələlərdəndir”.
Ə.Mövsümzadə vurğulayıb ki, rəqəmsal xidmətlərdə təhlükəsizlik
yalnız verifikasiya ilə məhdudlaşmır. Güclü identifikasiya
mexanizmi ilə yanaşı, toplanan məlumatların zəruri minimumla
məhdudlaşdırılması, şifrələnməsi, məlumatlara girişlərin audit
edilməsi, OTP kodlardan sui-istifadəyə qarşı qorunma və hesabların
ələ keçirilməsinin qarşısının alınması da vacibdir.
“Bu baxımdan Azərbaycan Dəmir Yollarının yeni yanaşması həm
istifadəçi identifikasiyası, həm də onlayn bilet sistemlərində
sui-istifadənin azaldılması istiqamətində müzakirə olunmağa dəyər
bir nümunədir. Əsas məsələ isə təhlükəsizlik və istifadəçi
məxfiliyi arasında düzgün balansın qorunmasıdır”, – deyə o əlavə
edib.
Qeyd edək ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları
ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini
mygov ID vasitəsilə verifikasiya etməlidirlər. FİN kod daxil
edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet
almaq üçün verifikasiyanın tamamlanması mütləqdir.
Xarici ölkə vətəndaşları isə vətəndaşı olduqları ölkənin adını
və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləmə
etməlidirlər.

