
Bakı.Trend
Almaniyanın multimodal daşımalar, eləcə də təchizat
zəncirlərinin idarə edilməsi ilə məşğul olan beynəlxalq logistika
qrupu “Rhenus Logistics” uzunmüddətli regional strategiyası
çərçivəsində Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən
Orta Dəhliz boyunca fəaliyyətini tədricən genişləndirir.
Bu barədə Trend-ə
“Rhenus Logistics” şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, Azərbaycan bu dəhlizdə həm tranzit
ölkə, həm də Asiya ilə Avropanı birləşdirən inkişaf edən logistika
qovşağı kimi mərkəzi rol oynayır. Xüsusilə, Bakı Limanı və onun
infrastrukturu dəhlizin əsas elementlərindən biridir və “Rhenus”
şirkəti bu dəyişiklikləri diqqətlə izləyərək ölkədə investisiya
imkanlarını qiymətləndirir.
“Rhenus Logistics” Orta Dəhliz boyunca logistika
şəbəkəsini gücləndirir
2024-cü ildə Bakıda öz nümayəndəliyini hüquqi şəxsə çevirdikdən
sonra “Rhenus” ölkə üzrə bir sıra yeni investisiya layihələrini
nəzərdən keçirməyə başlayıb. Bunlara hazırda qiymətləndirmə
mərhələsində olan liman logistikası ilə bağlı layihə də
daxildir.
“Hazırkı mərhələdə konkret detallar açıqlanmasa da, təşəbbüs
“Rhenus” qrupunun Azərbaycanda multimodal və dəniz əlaqəliliyini
gücləndirmək niyyətini əks etdirir. Layihə hazırda təhlil
mərhələsindədir və yoxlama prosesi başa çatdıqdan sonra növbəti
addımlar müəyyən olunacaq.
Ayrı-ayrı layihələrlə yanaşı, Rhenus dəniz, dəmir yolu və
avtomobil nəqliyyatını effektiv və dayanıqlı şəkildə birləşdirən
inteqrasiya olunmuş multimodal həllərin hazırlanmasına fokuslanıb.
Buna yükaşırma məntəqələrinin modernləşdirilməsi, yeni depo və
infrastrukturun yaradılması, eləcə də gömrük, liman və dəmir yolu
proseslərinin rəqəmsal inteqrasiyası daxildir”, – şirkətdən
bildiriblər.
“Rhenus Logistics” müştərilər, tərəfdaşlar və dövlət qurumları
ilə sıx əməkdaşlıq edir və real tələbat olan sahələrdə
investisiyalar həyata keçirir. Uzunmüddətli məqsəd – Azərbaycanın
iqtisadi inkişafını dəstəkləmək və Orta dəhliz boyunca etibarlı,
davamlı logistika infrastrukturunun yaradılmasına töhfə
verməkdir.
Azərbaycan multimodal təchizat zəncirində əsas körpü
kimi
“Transxəzər dəhlizi qlobal təchizat zəncirləri üçün strateji
şaxələndirmə və dayanıqlıq təmin edir. Bu dəhliz Çin, Mərkəzi Asiya
və Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən alternativ marşrut
təqdim edərək şimal istiqamətlərindən asılılığı azaldır və tranzit
vaxtının daha proqnozlaşdırıla bilən olmasına imkan yaradır. Bir
çox yük göndərənlər üçün bu, geosiyasi risklərdən asılı olmadan
fəaliyyətlərini davam etdirmək və dəyişən şəraitdə daşımaların
fasiləsizliyinə vasitəçilik etmək imkanı deməkdir.”
Azərbaycan Asiya və Avropa arasında körpü kimi mərkəzi rol
oynayır. Onun potensialı əhəmiyyətlidir: ölkə artıq effektiv
multimodal əlaqələr qurmaq bacarığını isbat edib. Misal üçün,
Bakıya çatan yük dəmir yolu ilə Gürcüstana oradan isə bir neçə saat
ərzində Qara dənizə və ya Türkiyəyə göndərilə bilər ki, bu şimal
marşrutları ilə müqayisədə əhəmiyyətli dərəcədə vaxta qənaət etməyə
imkan yaradır.”, -deyə “Rhenus Logistics” dən qeyd ediblər.
Bu effektivlik ticarətin şaxələndirilməsi və Avrasiya üzrə
logistika dayanıqlığının gücləndirilməsi baxımından dəhlizi
getdikcə daha cəlbedici edir.
“Lakin marşrut infrastruktur və əməliyyat çətinlikləri ilə də
üzləşir – dağınıq infrastruktur, müxtəlif dar boğazların mövcudluğu
kimi problemlər qalmaqdadır. Bir çox yerlərdə müasir terminallar,
intermodal hablar və əlaqələndirilmiş transsərhəd məlumat emalı
çatışmır ki, bu da tranzit vaxtının artmasına səbəb ola bilər.
Texniki maneələr də qalır: dəmir yolunun müxtəlif enləri, məhdud
hərəkətli tərkib və iri şəhərlər arasındakı böyük məsafələr
əməliyyatların planlaşdırılmasını çətinləşdirir. Bundan əlavə,
milli normativ aktlardakı fərqlər, rüsum sistemləri və inzibati
prosedurlar irəliləyişi ləngidir və daha sıx regional
əlaqələndirməni tələb edir. Eyni zamanda, yük göndərənlərin marşrut
boyunca proqnozlaşdırıla bilənlik və şəffaflıqla bağlı artan
gözləntiləri də çox önəmlidir”, – deyə şirkətdə bildiriblər.
Nəticə etibarilə, Transxəzər dəhlizinin əsas üstünlükləri
əlaqəlilik, proqnozlaşdırıla bilənlik və şaxələndirmədir. Əsas
məqsəd bu güclü tərəfləri tam uyğunlaşdırılmış, etibarlı və
iqtisadi cəhətdən rəqabətədavamlı bir logistik marşruta çevirməkdir
– “Rhenus” isə buna uzunmüddətli investisiyalar, yerli əməkdaşlıq
və texniki ekspertiza ilə nail olmağa çalışır.
“Rhenus Logistics”in Çin–Azərbaycan–Avropa marşrutu üzrə
yükdaşımalarla bağlı proqnozu
“Şirkət Çin–Azərbaycan–Avropa marşrutu üzrə yükdaşımaların
həcminin yüksək və davamlı artım potensialına malik olduğunu görür.
Qlobal təchizat zəncirlərinin diversifikasiyası və şirkətlərin daha
dayanıqlı nəqliyyat həlləri axtarması fonunda Transxəzər dəhlizi
ehtiyat marşrutdan əsas ticarət yollarından birinə çevrilib.
Son iki ildə Transxəzər marşrutu üzrə konteyner trafiki ildə
təxminən 35–40% artaraq 2024-cü ildə 3,2 milyon tona çatıb, halbuki
bu rəqəm 2022-ci ildə 1,5 milyon ton idi. Bakı, Aktau və Kurık kimi
əsas hablara davam edən investisiyalar, eləcə də Qazaxıstan,
Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin daha yaxşı
əlaqələndirməsini nəzərə alınmaqla, yükdaşımaların həcminin 2030-cu
ilə qədər ikiqat artacağı gözlənilir”, – deyə “Rhenus Logistics”
qeyd edir.
Liman və dəmir yolu infrastrukturunun daha da inkişafı, həmçinin
effektiv multimodal əlaqələndirmənin yaxın illərdə yükdaşımaların
artımını stimullaşdırmağa davam edəcəyi gözlənilir.
“Rhenus”un regionda və əsas terminallarda fəal iştirakı şirkətə
bu artımı dəstəkləməyə və dəhliz boyunca etibarlı, dayanıqlı
logistika həlləri təqdim etməyə imkan verir.
“Rhenus Logistics” Orta dəhlizin rəqəmsallaşmasını
gücləndirir
“Rəqəmsallaşma, “Rhenus” qrupunun logistika strategiyasının əsas
elementlərindən biridir və buna Azərbaycanla yanaşı bütün
Transxəzər dəhlizindəki fəaliyyət də daxildir. Ümidverici
istiqamətlərdən biri gömrük, liman və dəmir yolu strukturlarını
vahid platformada birləşdirən rəqəmsal dəhliz idarəetmə
sistemlərinin tətbiqidir.
Bu cür sistemlər dar boğazların qarşısının alınmasına kömək
edir, proseslərin real vaxt görüntüsünü təmin edir və buraxılış
qabiliyyətinin daha səmərəli planlaşdırılması üçün prediktiv
analitikadan istifadə edir”, – deyə şirkət bildirir.
“Rhenus”, yüksək performanslı logistika hablarının
layihələndirilməsi və idarə edilməsi təcrübəsinə əsaslanaraq
terminal və yükaşırma əməliyyatlarının idarə olunması üçün öz
proqram təminatını da inkişaf etdirir.
“Şirkət bu təcrübəni regionda tətbiq etmək niyyətindədir –
yüklərin emal müddətini və xərcləri azaltmaqla Transxəzər
marşrutunu alternativ marşrutlarla müqayisədə daha
rəqabətqabiliyyətli edir. Dəhlizin uzunmüddətli uğuru üçün tranzit
müddətlərinin etibarlılığı, sabit və proqnozlaşdırıla bilən
qiymətlərin təyin olunması son dərəcə vacibdir.
Rəqəmsallaşma dayanıqlılıqla sıx bağlıdır. “Rhenus”un
Azərbaycanda fəaliyyətə başladığı 2015-ci ildən bəri şirkət xidmət
çeşidini avtomobil daşımalarından dəmir yolu komponentli multimodal
xidmətlərə qədər genişləndirib, bu isə emissiyaların azalmasına və
güc resurslarının daha səmərəli istifadəsinə şərait yaradıb.
“Rhenus” COP29 çərçivəsində Bakıda yerli logistika
əməliyyatlarını ekoloji cəhətdən təmiz elektrik yük maşını ilə
dəstəkləyib və bununla praktik innovasiyaların daha təmiz və
effektiv logistikanın formalaşmasına necə töhfə verdiyini nümayiş
etdirib”, – deyə “Rhenus Logistics”in məlumatında bildirilir.

