
Bakı. Trend:
ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza
yaymaq məqsədilə qurduğu təxribatları neytrallaşdırmaq üçün region
ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət
kəsb edir.
Trend-in məlumatına görə, bu barədə İran İslam Respublikasının
Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.
“Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarının
və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından,
habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid
edilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikası
ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib”, – deyə
bəyanatda vurğulanıb.
Diplomatik nümayəndəlik İsrailin müharibə coğrafiyasını Xəzər və
Qafqaza genişləndirmək təxribatlarına qarşı mübarizənin zəruri
olduğunu bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.


