Ceyhun Bayramov Omanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə etdi

Baş səhifə

Bakı. Trend:

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri Sayid
Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı
aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı
regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir
mübadiləsi aparılıb.

Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin
narahatlıqlarını ifadə ediblər və vəziyyətin daha da
kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid
yaratdığını vurğulayıblar.

Deeskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa
edilməsi istiqamətində diplomatik səylərin artırılmasının
əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin
zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi
aparılıb.