
Bakı. Trend:
Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli
və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya
Ərəb Respublikasından 13 nəfər Azərbaycan Respublikası vətəndaşının
(6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası
həyata keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən
edilib.
Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan
Respublikasının vətəndaşlarının repatriasiyasına məsul dövlət
qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib,
repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin
olunub.
Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb
Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikləri, o
cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq
əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan
Respublikasına qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri
ilə təmin edilib və ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən
xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş
Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri
tədbirlərin görülməsi davam etdiriləcək.

