Dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə
bağlı Tələblər” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Təhsilverənlərin geyiminə dair ümumi tələblərə görə,
təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və
işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq,
texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı
tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və
rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.

Bu Tələblərin 2.1-ci bəndi nəzərə alınmaqla təhsilverənlər üçün
aşağıdakı geyimlər müəyyən edilir:

Kişi təhsilverənlər üçün sərbəst kəsimli klassik üslublu dəst
(pencək və şalvar), uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı,
dama-dama və ya xırda naxışlı klassik köynək, təhsilverənin öz
istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik
üslubda sviter, pulover və ya jilet, klassik ayaqqabı.

Qadın təhsilverənlər üçün sərbəst kəsimli klassik üslublu dəst
(pencək və şalvar, pencək və ətək və ya pencək və don), uzunluğu
diz xəttində və ya dizdən aşağı olan ətək və ya don, uzunqol və ya
qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı
klassik köynək və ya kofta, klassik ayaqqabı.

Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının
icrasına mane olmamalıdır.

Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri
müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin
xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan,
həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara
çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol
verilmir.