Bakı. Trend:
Azərbaycanda dərman təminatında hələ də idxaldan ciddi şəkildə
asılılıq var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il
ölkəmizə 527 milyon dollardan bir qədər artıq həcmdə əczaçılıq
məhsulları idxal olunub.
Bu barədə Trend-ə açıqlamasında iqtisadçı Eldəniz Əmirov
bildirib.
Onun sözlərinə görə, Pirallahıda fəaliyyətə başlayan yeni
müəssisənin illik istehsal gücü 60 milyon qutu, o cümlədən 2,5
milyard tablet və kapsul olaraq nəzərdə tutulur. Növbəti 5 il
ərzində burada 500-dən artıq preparatın istehsalı
planlaşdırılır.
“Bu, idxalın müəyyən qədər azalması baxımından vacibdir. Lakin
yeni müəssisənin fəaliyyətə başlamasının ölkədəki bütün dərmanların
qiymətinə təsir edəcəyini gözləmək düzgün olmaz. Qiymət təsirinə
gəldikdə düşünürəm ki, bu təsir yalnız həmin müəssisədə istehsal
ediləcək və Azərbaycan bazarına çıxarılacaq məhsullarda hiss oluna
bilər. Digər dərman preparatlarının qiymətinə isə birbaşa təsiri,
təbii ki, olmayacaqdır. Hətta yerli istehsalın belə ciddi şəkildə
aşağı qiymətə olacağını düşünmürəm. Çünki istehsal xərcləri var və
müəssisə yenidir.
Yəni, istehsalda istifadə olunan xammal və bir sıra komponentlər
xaricdən gətiriləcək. Bunların da yetərincə dəyəri var. Üstəlik,
dərman qiymətlərinə istehsal xərcləri ilə bərabər xammalın qiyməti,
logistika, valyuta faktoru, işçi qüvvəsi və digər amillər də təsir
edəcək. Ona görə də bu müəssisənin əsas effektini dərmanların
kəskin ucuzlaşmasında yox, idxaldan asılılığın azalmasında görə
biləcəyimizi düşünürəm”,- deyə o vurğulayıb.
E.Əmirov əlavə edib ki, bu cür istehsal prosesləri yeni istehsal
sahələrinin yaranmasına vəsilə olur.
“Şəxsən bir iqtisadçı kimi, istənilən istehsal prosesi mənim
üçün ən sevindirici hadisələrdən biridir. Çünki ölkə
iqtisadiyyatında istehsal və emal prosesləri çox böyük əhəmiyyət
kəsb edir”, – deyə o bildirib.

Xatırladaq ki, Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus
Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsi
açılıb. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya,
qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar
istehsal olunacaq.
Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5
il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması,
daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac
coğrafiyasının genişləndirilməsi daxildir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç
və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq
quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman
vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara
satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər
xarici ölkələrə ixracı da nəzərdə tutulur.

