Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə avadanlıq almaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi Ukraynada istifadə olunan “Patriot”
zenit-raket komplekslərinə texniki xidmət göstərilməsi və onlar
üçün zəruri avadanlıqların alınması məqsədilə “Raytheon” müdafiə
şirkəti ilə müqavilə imzalamağı planlaşdırır.

Bu barədə ABŞ-nin dövlət satınalmaları portalında yayımlanan
sənəddə bildirilib.

Sənəddə qeyd olunur ki, ABŞ Müharibə Nazirliyinin Logistika
Agentliyi Ukraynanın “Patriot” komplekslərinin döyüş hazırlığının
təmin edilməsi üçün ixtisaslaşmış təchizatçı axtarır. Bunun
çərçivəsində baza texniki xidməti üçün sınaq stendlərinin təmin
edilməsi, ərazinin qiymətləndirilməsi, avadanlıqların
quraşdırılması və yerli heyətin təlimi nəzərdə tutulur.




Sənədə əsasən, layihənin icrası bir neçə il davam edəcək.
Ərazinin müayinəsinin müqavilə imzalandıqdan iki ildən artıq müddət
sonra, avadanlıqların ilk tədarükünün isə bundan təxminən altı ay
sonra həyata keçirilməsi planlaşdırılır.

Əsas stansiyaların quraşdırılmasının işlərin yalnız beşinci
ilində tamamlanacağı gözlənilir. Beləliklə, müqavilə bu il
imzalanarsa, baza ən tez 2030-cu ilin sonuna qədər fəaliyyətə
başlaya bilər.

Sifarişin müsabiqə keçirilmədən yeganə təchizatçı kimi
“Raytheon” şirkətinə verilməsi nəzərdə tutulur.