
Bakı. Trend:
Aktauda keçirilən forumda Azərbaycan-Qazaxıstan tərəfdaşlığının
inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında qeyd
edilib.
Bildirilib ki, Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzər
makroregionu: Azərbaycan və Qazaxıstanın siyasi tərəfdaşlıq
arxitekturası” beynəlxalq forumu işini panel sessiyaları ilə
yekunlaşdırıb.
Panel müzakirələrində Azərbaycan və Qazaxıstan arasında siyasi,
hüquqi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf
perspektivləri, eləcə də Xəzər regionunda qarşılıqlı əlaqələrin
gücləndirilməsi məsələləri nəzərdən keçirilib.
Panel sessiyalarının moderatorları qismində ekspertlər Eldar
Cəfərov, Emin Cabbarov, Elvin Talışinski və Orxan Yolçuyev çıxış
ediblər.
“İnteqrasiyanın hüquqi əsasları” adlı ilk paneldə iki ölkə
arasında əməkdaşlığın hüquqi bazası, hüquq mədəniyyətinin və
ictimai diplomatiyanın inkişafında universitetlərin rolu, həmçinin
Orta Dəhlizin inkişafı fonunda Xəzərin ekoloji təhlükəsizliyi ilə
bağlı məsələlər müzakirə olunub.
“Nəqliyyat diplomatiyası və Orta Dəhliz” mövzusunda ikinci
paneldə Xəzərin geosiyasi əhəmiyyəti, nəqliyyat diplomatiyasının
regional əməkdaşlıqdakı rolu və Orta Dəhlizin Mərkəzi Asiya ilə
Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi
töhfə barədə fikir mübadiləsi aparılıb.
Üçüncü panel “Azərbaycan-Qazaxıstan əlaqələrinin
möhkəmləndirilməsində diasporun və ictimai diplomatiyanın rolu”
mövzusuna həsr olunub. Müzakirələr zamanı informasiya və mədəni
diplomatiya, diaspor amili, iki ölkənin ortaq tarixi-mədəni
dəyərləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində
əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqətə çatdırılıb.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub və
xatirə fotosu çəkdirilib.
Xatırladaq ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, Ş.Yessenov adına Xəzər Dövlət
Texnologiyalar və Mühəndislik Universitetinin və “Azərbaycan
Mərkəzi” İctimai Fondunun təşkilatçılığı, Azərbaycanın Aktau
şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə baş tutub.

