Azərbaycan iqtisadiyyatı struktur dəyişiklikləri və transformasiya dövrünü keçir – ŞƏRH

Baş səhifə

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı struktur dəyişiklikləri və
transformasiya dövrünü keçir.

Bunu Trend-ə
açıqlamasında İlqar Vəlizadə deyib.

O bildirib ki, makroiqtisadi göstəricilərə görə Azərbaycanın
iqtisadi mövqeləri kifayət qədər möhkəmdir:

“Valyuta ehtiyatlarının 90 milyard dollara çatması və xarici
borcun aşağı olması, əlbəttə ki, ümumi iqtisadiyyatın
dayanıqlılığını artırır. İnvestorlar üçün bu faktor cəlbedici
görsənir.

Əlbəttə ki, digər faktorlar da var: siyasi stabillik və müxtəlif
bazarlarla əlaqələrin faktoru. Misal üçün, Avropa və Asiya
bazarları ilə birbaşa çıxışların olması da bir şərtdir”.

Onun sözlərinə görə, digər tərəfdən, əlbəttə ki, çağırışlar da
var və bunları gizlətmək olmaz:




“Çağırışlar bundan ibarətdir ki, dünya bazarlarında neft və ya
enerji resurslarının bazarı qeyri-stabil görsənir. Belə halda sırf
neft-qaz sənayesinə arxalanmaq düzgün olmazdı. Ona görə də
Azərbaycan daha çoxşaxəli, şaxələndirilmiş iqtisadi siyasət həyata
keçirir. Burada qeyri-neft sektorunun, dağ-mədən kompleksinin,
xidmət sektorunun və rəqəmsal sektorun inkişafından söhbət
gedir.

Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının strukturu belə
tənzimlənib ki, yaxın gələcəkdə əsas gəlir mənbəyi neft-qaz sahəsi
olacaq. Bundan qorxmaq, əslində, düzgün deyil. Çünki hər bir
iqtisadiyyatın öz xüsusiyyətləri var. Söhbət bundan gedir ki,
neft-qazdan əldə olunan gəlirlər müxtəlif digər sahələrə
yönəldilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının inkişafından danışsaq, burada iri miqyaslı yol
layihələri həyata keçirilir ki, bu layihələr təkcə regional
əhəmiyyətli və ya həmin regionlara aid olan layihələr deyil, ümumən
ölkəni və daha geniş coğrafiyanı əhatə edən layihələrdir. Çünki
hazırda Qarabağ və Şərqi Zəngəzurda inşa olunan bu magistrallar
Azərbaycanı digər, qonşuluqda olan ölkələrlə birləşdirir və eyni
zamanda həmin regionların iqtisadi potensialını artırır. Bu da öz
növbəsində qeyri-neft sektorunun inkişafına təkan verir”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur,
eyni zamanda Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat
infrastrukturlarının qurulması, xüsusilə Zəngəzur dəhlizi
konsepsiyasının reallaşdırılması bu regionun əhəmiyyətini artırmış
olur və onun Azərbaycanın iqtisadi inkişafında payını artırır.

“Çünki burada irimiqyaslı enerji layihələri (xüsusilə yaşıl
enerji ilə bağlı layihələr), digər tərəfdən müəyyən istehsal
sahələrinin yaradılması çox önəmlidir. Bu istehsal sahələri təkcə
yerli deyil, eyni zamanda xarici investorları cəlb edir. Əsas
məqsəd xarici və yerli investorlar arasında tərəfdaşlıq
münasibətlərini yaratmaqla həm qeyri-neft sektorunun, həm də bu
regionların inkişafına təkan verməkdir.

Ümumiyyətlə, Azərbaycanda son vaxtlar bir neçə vacib proqram
qəbul olunub. Misal üçün, kənd təsərrüfatının inkişafı və dağ-mədən
kompleksinin inkişafı ilə bağlı proqramlar qəbul edilib. Bu
proqramlar qısamüddətli və bəzi hallarda ortamüddətli
proqramlardır. Düşünmək olar ki, bu proqramların
reallaşdırılmasının nəticəsini biz artıq bir neçə ildən sonra görə
bilərik. Azərbaycan iqtisadiyyatı struktur dəyişiklikləri və
transformasiya dövrünü keçir. Son nəticə etibarilə bütün bunlar
Azərbaycan iqtisadiyyatının yeni mərhələyə keçidini təmin edəcək –
deyə İ.Vəlizadə bildirib.