Almaniyada inflyasiya 3 faizi ötüb

Baş səhifə

Bakı. Trend:

Almaniyada inflyasiya sentyabrda 3,3 faiz təşkil edib. Bununla
da ölkədə istehlak qiymətləri 2023-cü ilin dekabrından bəri ən
yüksək səviyyəyə çatıb.

Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında
bildirilib.

Məlumata görə, istehlak qiymətləri sentyabrda avqustla
müqayisədə 0,6 faiz artıb. Avqustda inflyasiya 2,9 faiz təşkil
edib.




İnflyasiyanın artımında əsas amillərdən biri enerji
qiymətlərinin yüksəlməsi olub. Enerji məhsullarının qiymətləri
sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 14,9 faiz artıb.
Beləliklə, enerji qiymətlərində bahalaşma avqustda qeydə alınan
10,5 faizlik illik artımla müqayisədə daha da sürətlənib.

Ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza
inflyasiyası isə sentyabrda 2,4 faiz təşkil edib. Ərzaq
məhsullarının qiymətləri 0,4 faiz artıb. Xidmət sektorunda, o
cümlədən turizm və restoran xidmətlərinin qiymətlərində də artım
qeydə alınıb.

Almaniyada inflyasiyanın yüksəlməsində enerji daşıyıcılarının
bahalaşmasının mühüm rol oynadığı bildirilir.