
Bakı. Trend:
Parlamentlərarası İttifaq (PAİ) təcrübə mübadiləsi aparmaq,
bir-birindən öyrənmək və daha açıq, inklüziv və etimad qazanmış
təsisatların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün
mühüm platforma təqdim edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova
Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində
Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü
Assambleyasının iclasında çıxışı zamanı bildirib.
Spiker qeyd edib ki, ictimai dinləmələr və ictimai müzakirələr
vətəndaş iştirakının təmin olunması üçün mühüm mexanizmlərdir.
Dövlət təsisatlarının nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti
təşkilatları və ictimaiyyətin üzvləri qanun layihələri və ictimai
maraq doğuran məsələlər üzrə müzakirələrdə iştirak edə bilərlər. Bu
mexanizmlər parlamentə müxtəlif peşəkar və ictimai rəyləri eşitmək
və cəmiyyətlə ünsiyyəti gücləndirmək imkanı verir.
Sahibə Qafarova “İnklüzivlik, etimad və hamı üçün imkanlar
vasitəsilə yaxşı idarəetmənin gücləndirilməsi və icmaların
səlahiyyətlərinin artırılması” mövzusunda ümumi müzakirələrdə
çıxışı zamanı effektiv idarəetmənin təşkilinin səmərəli
təsisatlarla yanaşı, insanların bu təsisatlara etimad
edib-etməməsi, qərar qəbul etmədə iştirak edə bilməsi və hər kəsin
cəmiyyətə töhfə vermək üçün ədalətli imkana malik olub-olmaması ilə
bağlı olduğunu söyləyib.
Çıxışında rəqəmsallaşmanın dövlət təsisatlarını daha əlçatan və
şəffaf etdiyini, ünsiyyət və iştirak üçün yeni imkanlar yaratmaqla
bu prosesi dəstəklədiyini deyən Milli Məclisin sədri bildirib ki,
təsisatlar açıq olduqda, vətəndaşların səsi eşidildikdə və insanlar
öz iştiraklarının fərq yarada biləcəyini gördükdə bu etimad daha da
artır.
Parlamentlərin bu prosesdə mühüm rolunu qeyd edən Sahibə
Qafarova deyib ki, parlamentlər xalqı təmsil edən təsisatlar olaraq
ictimai gözləntiləri dövlətin qərar qəbulu ilə əlaqələndirir.
Qanunvericilik, nəzarət və cəmiyyətlə dialoq vasitəsilə onlar
idarəçiliyin daha şəffaf, hesabatlı və inklüziv olmasına kömək edə
bilir.
Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal
həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının
artırılması və vətəndaş iştirakı üçün daha geniş imkanların
yaradılması istiqamətində görülən ardıcıl addımlar haqqında məlumat
verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan
parlamenti bu səylərə töhfə verir.
Onun sözlərinə görə, bu sahədə müasir texnologiyalar
vətəndaşlarla qarşılıqlı əlaqənin genişləndirilməsinə və parlament
fəaliyyəti haqqında məlumatlara daha geniş çıxışın təmin edilməsinə
kömək edir. Eyni zamanda, Azərbaycan vətəndaşlara və vətəndaş
cəmiyyətinə qanunvericilik prosesində birbaşa iştirak etmək imkanı
verən hüquqi və institusional mexanizmlər yaradıb. O,
qanunvericilik təşəbbüsü hüququnun bunun mühüm bir örnəyi olduğunu
söyləyib.
Sahibə Qafarova, həmçinin Milli Məclis tərəfindən istifadə
olunan digər rəqəmsal alətlər barədə də məlumat verib. Parlament
tərəfindən inklüzivliyin təmin olunması istiqamətində görülən işlər
də diqqətə çatdırılıb. Bu baxımdan Azərbaycan parlamentinin
qadınların, gənclərin və əlilliyi olan şəxslərin iştirakına və
hüquqlarına xüsusi diqqət yetirməsi, bu istiqamətdə müvafiq
qanunvericiliyin yaradılması barədə məlumat verilib.
Milli Məclisin sədri çıxışına yekun vuraraq bildirib ki, PAİ
təcrübə mübadiləsi aparmaq, bir-birindən öyrənmək və daha açıq,
inklüziv və etimad qazanmış təsisatların qurulmasında
parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim
edir. Qeyd olunub ki, iştirakı gücləndirmək və hər bir səsin
eşidilməsini təmin etməklə icmaların səlahiyyətlərini artırmaq və
daha dayanıqlı, sülhsevər və davamlı cəmiyyətlərə töhfə vermək
olar.

