
Bakı. Trend:
Cənubi Koreyada əhalinin sürətlə qocalması fonunda yaşlı
əhalinin payı ümumi əhalinin 21,6 faizinə çatıb.
Cənubi Koreyanın Məlumat və Statistika Nazirliyinin məlumatına
əsasən, ölkədə 65 yaş və yuxarı insanların sayı 11,125 milyon
nəfərə çatıb.
Ötən il yaşlıların payı 20 faiz həddini keçməklə Cənubi Koreya
rəsmən “super yaşlı cəmiyyət” statusunu aldıqdan sonra əhalinin
qocalması prosesi daha da sürətlənib. Nazirliyin proqnozlarına
görə, yaşlı əhalinin payı 2036-cı ilə qədər ümumi əhalinin 30
faizini, 2050-ci ilə qədər isə 40 faizini keçəcək.
Yaşlıların əmək qabiliyyətli əhaliyə (15-64 yaşarası) nisbətini
göstərən “yaşlılıqdan asılılıq əmsalı”nın 2026-cı ildəki 31,3
səviyyəsindən 2036-cı ildə 50,1-ə və 2066-cı ildə 100,8-ə
yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 51 milyon əhalisi olan Cənubi Koreyada doğum
əmsalı (hər qadının dünyaya gətirdiyi uşaq sayı) 2023-cü ildə
tarixi minimuma (0,7 uşaq) endikdən sonra ötən il bir qədər
yaxşılaşaraq 0,8-ə yüksəlib. Buna baxmayaraq həmin rəqəm əhalinin
sayının sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır.
Hökumət bir neçə ildir ki, ailələrin daha çox uşaq dünyaya
gətirməsini təşviq edən addımlar atsa da, bir çox amil, o cümlədən
ev qiymətlərinin və təhsil xərclərinin yüksək olması, karyera
məsələləri gəncləri ailə qurmaqdan və uşaq dünyaya gətirməkdən
çəkindirir.
Asiyanın 4-cü böyük iqtisadiyyatı olan Cənubi Koreyada əhalinin
sayının azalması fonunda demoqrafik problem ildən-ilə kəskinləşir.
Ekspertlər Cənubi Koreyada əhalinin sayının 2070-ci ilə qədər 38
milyon nəfərə enəcəyini proqnozlaşdırıblar. Həmin ilədək 65 yaşdan
yuxarı koreyalılar ölkə əhalisinin 45 faizini təşkil edəcək.
BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi
əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət “yaşlı cəmiyyət”, bu rəqəm 20 faizdən çox olarsa “super yaşlı
cəmiyyət” kimi xarakterizə olunur.

