
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz
Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbul
keçirib. Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba,
Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan
bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə
təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının
yenilənməsi, qaz xəttinin çəkilişi və mavi yanacaq olan ərazilərdə
qazın təzyiqinin mövsümə uyğun tənzimlənməsi ilə bağlı müraciətlər
səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.


