Paytaxtda unikal piyada körpüsü inşa edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi
çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər”
layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını
birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik
yerüstü piyada körpüsü inşa edilib.

Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, uzunluğu 234 metr, eni isə 7-13 metr arası
dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib.
Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd
pilon dayaqdan vantlar vasitəsilə “asılıb”.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
sifarişi əsaslında, keyfiyyətli tikinti və dizayn materiallardan
istifadə olunaraq icra edilib.




Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar
işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi
birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini
gözəl bir gəzinti edir. Bu səbəbdən körpü “Bakı Ağ Şəhər”də
piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.

Piyadalar körpü vasitəsilə Zaman meydanına, Fəvvarələr
meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə
quraşdırılan eskalator və liftlər isə gələcəkdə metronun yeni “Ağ
Şəhər” stansiyasına keçidi təmin edəcək.

Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli
məkanına çevirəcək.