Çin və Yaponiya arasında diplomatik gərginlik fonunda 12 istiqamətdə aviareyslər dayandırılıb

Baş səhifə

Bakı. Trend:

Rəsmi Pekin və Tokyo arasında yaşanan diplomatik gərginlik
fonunda Yaponiya və Çin arasında 12 istiqamətdə hava marşrutları
üzrə uçuşlar dayandırılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Ləğv edilən istiqamətlər arasında Çindən Yaponiyanın Naqoya,
Fukuoka, Sapporo və Osaka kimi şəhərlərinə uçuşlar yer alır. Digər
yandan bir çox marşrutlarda ləğv edilən reyslərin sayı artır.
Məsələn, Tyanjindən Osakanın yaxınlığındakı Kansai hava limanına
olan aviamarşrut üzrə planlaşdırılmış reyslərin 65 faizi, Nankindən
Kansaia olan uçuşların 59,4 faizi, Quanço istiqamətində isə 31,3
faizi ləğv edilib.




Bundan əvvəl Yaponiya baş naziri Sanae Takaiti parlamentdə
keçirilən debatlar zamanı bildirmişdi ki, Tayvanda mümkün hərbi
böhran “ekzistensial təhlükə” yaradır və bu, Yaponiyanı “kollektiv
özünümüdafiə hüququndan” istifadəyə məcbur edə bilər.

Bu açıqlama Pekinin ciddi narazılığına səbəb olub və Çin Tokioya
sərt etirazını bildirib. Çinin Osakadakı baş konsulu Syue Tsyan
sosial şəbəkədəki səhifəsində Yaponiya Baş nazirini “başını
kəsməklə” hədələyib, lakin həmin paylaşım sonradan silinib. Daha
sonra Çin Xarici İşlər Nazirliyi həmvətənlərini Yaponiyaya
səfərlərdən çəkinməyə çağırıb.