Məhkəmə iclas katibi vəzifəsinə qəbul tələbləri genişləndirilir

Baş səhifə

Bakı.Trend:

Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan
şəxslərin dairəsi genişləndirilir

Trend xəbər
verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin əksər
bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış
zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası
məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri
araşdırılıb.




Belə ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər”
bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə,
Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix,
Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar
üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya,
Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və
Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə
yalnız “hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər qəbul
olunurdu.